7 aya yaxındır Apellyasiya Məhkəməsi bu iş üzrə müdafiə tərəfinin verdiyi heç bir vəsatəti qəbul etməyib
İyunun 14-də Bakı Apellyasiya Məhkəməsində “Abzas Media işi” üzrə həbs edilmiş jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı (Abbasova) və Hafiz Babalının həbs müddətlərinin növbəti dəfə uzadılmasından verilən apellyasiya şikayətinə baxılıb.
Müdafiəçilərin verdiyi məlumata görə, Həsənli ilə bağlı prosesə hakim Ramin Qaraqurbanlı, Sevinc Vaqifıqızı ilə bağlı prosesə hakim Habil Məmmədov, Hafiz Babalı ilə bağlı prosesə isə hakim Anar İbrahimov sədrlik edib.
Hər üç hakim jurnalistlərin həbs müddətlərinin uzadılması ilə bağlı Xətai Rayon Məhkəməsinin çıxardığı qərarları qüvvədə saxlayıb. Müdafiəçilər qərarların əsassız və qanunsuz olduğunu bildirirlər.
Maydan etibarən “Abzas Media işi” üzrə həbs edilmiş jurnalistlərin həbs müddətləri növbəti dəfə uzadılıb. Sonuncu dəfə Hafiz Babalının həbs müddəti 1 ay, Elnarə Qasımovanın 2 ay, Nərgiz Absalamova, Sevinc Vaqifqızı, Ülvi Həsənli və Məhəmməd Kekalovun həbs müddəti isə 3 ay uzadılıb.
Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
Jurnalistlər ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.
Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və hakimiyyəti jurnalistləri dərhal azad etməyə çağırıb.