Bu il keçiriləcəyi ehtimal olunan parlament seçkiləri ərəfəsində parlamenti monitorinq edən yeganə platformanın rəhbəri həbsdə saxlanılıb
“Meclis.info” platformasının rəhbəri İmran Əliyevin istintaq dövrü üçün həbs müddəti 2 ay 7 gün uzadılıb.
“Abzas Media”ya bu barədə vəkil Qanqa İbrahimov məlumat verib.
Vəkil bildirib ki, Xətai Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının həbs müddətinin uzadılması ilə bağlı təqdimatına baxılıb və təmin edilib.
“Meclis.info” platforması Azərbaycan parlamentinin fəaliyyətini monitorinq edirdi. Yerli və beynəlxalq hüquq müdafiəçiləri İmran Əliyevin məhz buna görə cəzalandırıldığını bildirirlər.
İmran Əliyev həm “Abzas Media işi”, həm də “Anar Məmmədli işi” üzrə təqsirləndirilir.
O, aprelin 18-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları onu polisə təhvil veriblər.
İmran Əliyevə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində 2 ay bir gün həbs qətimkan tədbiri seçilib.
İmran Əliyev polislərin onu döydüyünü, bədəninə elektrik cərəyanı verərək ona zorla sənəd imzaladırdıqlarını bildirib.
Aprelin 26-da Azərbaycan prezidenti İlham Əliyev və Almaniya kansleri Olaf Şoltsun birgə mətbuat konfransı baş tutub. Konfransda prezident Əliyevə İmran Əliyevlə bağlı sual verilib. İlham Əliyev jurnalistlərin həbsini təsdiqləsə də, bunun qanunsuz olmadığını deyib.
Prezidentə verilən bu sualdan bir neçə saat sonra İmran Əliyevə qarşı CM-nin 206.3.1 (qaçaqmalçılıq - təkrar törədildikdə) maddəsilə yeni, daha ağır ittiham irəli sürülüb.
Bir çox yerli və beynəlxalq təşkilatlar İmran Əliyevi siyasi məhbus kimi tanıyıb və hakimiyyəti onu dərhal azad etməyə çağırıblar.