Siyasi platforma funksioneri ötən məhkəmə iclasında çıxış edərək bildirib ki, əgər İlham Əliyev vətənpərvərdirsə, özünün və ailəsinin əmlakını, maliyyə mənbələrini, gəlirlərini açıqlasın
“III Respublika Platforması” həbsdə olan spikeri Akif Qurbanovun istintaq təcridxanasında təhdid edildiyini açıqlayıb.
Platformanın iyunun 4-də yaydığı bəyanatda bildirilir ki, ondan özünümüdafiə xarakterli çıxışlardan imtina etmək, o cümlədən, çıxışlarında dövlət başçısının adını çəkməmək tələb olunub:
"Yüksək rütbəli dövlət məmuru Bakı İstintaq Təcridxanasına gələrək Akif Qurbanovu sərt dillə hədələyib", - deyə bəyanatda qeyd olunub.
Bildirilib ki, yüksək rütbəli məmur Akif Qurbanovun bu şəkildə davam edəcəyi təqdirdə onunla bağlı addım atılacağını əlavə edib. Deyib ki, əks təqdirdə ona qarşı pis rəftar tətbiq ediləcək, hətta işgəncəyə məruz qalacaq.
"Eyni zamanda, "Toplum TV" və Demokratik Təşəbbüslər İnstitutu işi ilə bağlı qanunsuz həbs edilmiş digər şəxsləri Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov şəxsən təhdid edərək bildirib ki, əgər Akif Qurbanov məhkəmə çıxışlarına davam edərsə, sizin vəziyyətiniz daha da ağırlaşacaq. Onlara qarşı da rəftarın pisləşəcəyi ilə bağlı sərt hədələr səsləndirib.
Hətta istintaq təcridxanası və cəzaçəkmə müəssisələrində də siyasi məhbuslar pis rəftar və işgəncəyə məruz qalma təhlükəsi ilə üz-üzədirlər", - bəyanatda qeyd olunub.
Platforma yerli və beynəlxalq qurumları məsələyə səlahiyyətləri çərçivəsində müdaxilə etməyə çağırıb.
Həbsdə olan spikerin məhkəmədəki çıxışından sonra ona təcridxanada bir sıra məhdudiyyətlər tətbiq olunub.
"Onun ailə üzvlərilə görmüşməsinə qadağa qoyulub. Yanına aparılan sovqat selektiv yoxlanılıb və kitablar geri qaytarılıb. Telefon danışığına da qadağa qoyulub", - hüquq müdafiəçisi Rüfət Səfərov bu barədə yazıb.
III Respublika Platformasının spikeri Akif Qurbanov ötən məhkəmə iclasında çıxış edərək bildirib ki, rəhbərliyində təmsil olunduğu bütün təşkilatlarla bağlı maliyyə hesabatı verib və ölkə başçısı İlham Əliyevi də hesabatlı olmağa çağırıb:
"İndi Azərbaycan da Stalin və onun "NKVD" üsulu ilə idarə olunur. Necə ki, Stalin direktiv göndərərək “minin belinə, etiraf edincə düşməyin” üslubunu tələb edirdi və "NKVD" də icra edirdi.
Stalin “ziyankarların” - müxaliflər və “daxili düşmənlər”in günahını “sübut” edən materialların mətbuatda – “Pravda”, “İzvestiya” qəzetlərində dərc edilməsini tapşırırdı. Sonra da elan verdirirdi ki, bu yaramazların hamısı güllələnəcək.
İndi eyni yanaşma bizdə - müstəqil Azərbaycanda tətbiq olunur. Hüquq-mühafizə sistemi İlham Əliyevin istəklərini Sovet "NKVD"si üsulu ilə icra edir.
İlham Əliyev, həqiqətən də, vətənpərvərdirsə, buyursun, mənim kimi özünün və ailəsinin əmlakını, maliyyə mənbələrini və gəlirlərini açıqlasın. Sonra onun ardınca məmurları da xalqa hesabat versinlər. Uzun illərdir ki, icra etmədikləri gəlir deklarasiyasını yerinə yetirsinlər", - Akif Qurbanov məhkəmə çıxışında bildirib.
Martın 6-da Bakıda polis müstəqil fəaliyyət göstərən “Toplum TV” onlayn televiziyası və III Respublika Platforması ilə bağlı əməliyyat keçirib. İş üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxslə əvvəlcədən əlbir olaraq törədildikdə) maddəsi ilə cinayət işi açılıb və ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Elə həmin gün saxlanılan Akif Qurbanov da daxil olmaqla 7 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, iki nəfər isə polisin nəzarətinə verilib.
“Toplum TV” kollektivi bəyanat yayaraq baş verənlərin media qurumunun peşə fəaliyyətilə əlaqəli olduğunu bildirib və bunu müstəqil mediaya təzyiq kimi qiymətləndirib.
III Respublika Platforması da həbslərin siyasi sifariş olduğunu açıqlayıb.
Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və hakimiyyəti onları dərhal azad etməyə çağırıb.