Son 3 ayda seçici siyahısında 150 min nəfər azalıb

Son 3 ayda seçici siyahısında 150 min nəfər azalıb Foto: Günün səsi
30 May 2024
Mətni dəyiş

Ekspertin fikrincə, təbii artım müşahidə olunduğu dövrdə seçici sayının azalması şübhə doğurur

Mayın 27-də Mərkəzi Seçki Komissiyası (MSK) ölkə üzrə yeni seçici siyahısını açıqlayıb. Yeni siyahıda səsvermə hüququ olan 6 milyon 326 min 764 şəxs var.

Bu ilin fevralında növbədənkənar prezident seçkisindən əvvəl açıqlanan son siyahıda seçicilərin sayı 6 milyon 478 min 623 nəfər olub. 3 ay ərzində siyahıdan 150 mindən çox seçicinin niyə çıxarılması isə açıqlanmayıb.

Seçkilər üzrə mütəxəssis Məmməd Məmmədzadə deyir ki, ölkədə təbii artım müşahidə olunduğu dövrdə seçici siyahılarında bu cür azalma şübhə doğurur.

“Bəlkə əsas kimi xaricə köçənlər göstərilə bilər, amma 3 ay ərzində bu qədər xarici miqrasiyanın olması ağlabatan deyil”, - ekspert belə düşünür.

M.Məmmədzadə deyir ki, onların riyazi hesablamalarına görə seçici siyahısında 7 milyondan çox seçici olmalıdır. Çünki səsvermə hüququna sahib olma yaşında olanlar 7 milyondan çoxdur.

“Seçki komissiyalarının üzvləri peşəkar deyillər və görünür ki, siyahı tərtib olunanda formal xarakter daşıyıb. Ciddi dəqiqləşdirmələr aparılmayıb. Halbuki, siyahıların dəqiqləşdirilməsinə Daxili İşlər Nazirliyinin (DİN) və Ədliyyə Nazirliyinin, o cümlədən, bələdiyyələrin əməkdaşları cəlb olunub. Aşağı seçki komissiyalarının 38 min üzvü də bu işdə iştirak edib. Prosesin maliyyələşməsinə dövlət büdcəsindən 7 milyon manata qədər vəsait ayrılıb.

Seçki komissiyası üzvlərinin seçici siyahısının dəqiqləşdirilməsilə bağlı bacarıqları artırılmalıdır”, - seçkilər üzrə mütəxəssis Məmməd Məmmədzadə bildirib.

Məsələyə dair Mərkəzi Seçki Komissiyasından açıqlama almaq istəsək də, zənglərimiz cavablandırılmayıb.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun