Jurnalist “istintaq gedir” adı altında daha 1 aya yaxın həbsdə qalacaq
“Abzas Media işi” üzrə həbs edilmiş jurnalist Nərgiz Absalamovanın istintaq dövrü üçün həbs müddəti daha 22 gün uzadılıb. Xətai Rayon Məhkəməsində keçirilən prosesdə hakim istintaq orqanının həbs müddətinin uzadılması ilə bağlı təqdimatını təmin edib.
Absalamovanın həbs müddəti artıq ikinci dəfə uzadılır. Bu ilin fevralından etibarən bu iş üzrə həbs edilmiş digər 5 media nümayəndəsinin də həbs müddəti uzadılıb.
Jurnalistlərin vəkilləri bildiriblər ki, istintaq heç bir əsaslı səbəb göstərmədən bu müddətin uzadılmasını istəyib, məhkəmə də heç bir əsas olmamasına baxmayaraq, müraciəti təmin edib.
Yerli və beynəlxalq qurumlar həbs müddətlərinin uzadılmasına reaksiya veriblər və bildiriblər ki, bu, jurnalistləri daha çox həbsdə saxlamağa hesablanıb.
“Abzas Media” müstəqil nəşri Azərbaycanın dövlət rəhbərliyindəki şəxslər və onların yaxınları ilə bağlı korrupsiya araşdırmaları dərc etdikdən sonra hədəfə gəlib.
Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
Məhkəmə istintaq zamanı prokurorluğun ittihamlarını əsaslı hesab etsə, jurnalistləri 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Jurnalistlər isə ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.