“AbzasMedia” dövlət satınalmalarının monitorinqini apararkən ilin son ayında büdcə vəsaitinin külli şəkildə tələsik xərcləndiyini aşkarlamışdı
Mayın 23-də parlamentdə Hesablama Palatasının 2023-cü ilin dövlət büdcəsilə bağlı rəyi dinlənilib. Hesabatda qeyd olunub ki, ötən il dövlət büdcəsinin 20%-i təkcə dekabr ayında xərclənib.
“Xərclərin ilin sonunda icra edilməsi vəsaitlərin akkreditiv hesablara yönəldilməsinə, bank hesablarında istifadəsiz saxlanılmasına, bununla da ilin sonunda qalıq vəsaitlərin vahid xəzinə hesabına geri qaytarılmamasına şərait yaradır”, – Palatanın rəyində qeyd olunub.
“AbzasMedia” ötən ilin son 2 ayında dövlət satınalmalarında qəribə artım müşahidə edildiyini daha əvvəl üzə çıxarmışdı.
Belə ki, 2023-ci ilin noyabr və dekabr aylarının satınalma müqavilələrinin monitorinqi zamanı məlum olmuşdu ki, dövlət qurumları ilin sonunda bütün büdcə vəsaitlərini xərcləməkdə maraqlı olurlar.
2023-cü ilin noyabr ayı ilə müqayisədə dekabrda dövlət satınalmalarının sayında kütləvi artım müşahidə edilib.
Noyabrda “Bir mənbə” metodu ilə maya dəyəri 30.451.668,43 manat olan 58 müqavilə, dekabrda isə maya dəyəri 216.347.677,96 manat olan 168 satınalma müqaviləsi imzalanıb.
Dekabrda qeydə alınan satınalma müqavilələrinin 350-yə qədəri ayın son 3 günündə imzalanıb.
İlin son 2 ayında “Bir mənbə” metodu ilə ən çox satınalma müqaviləsi imzalayan büdcə qrupunun üzvləri aşağıdakı dövlət orqanlarıdır:
Ərazi Tikinti-Planlaşdırma Mərkəzi – 11.507.390,21 manat dəyərində 26 müqavilə;
Fövqəladə Hallar Nazirliyinin Maddi-texniki Təhcizat İdarəsi – 4.918.035,73 manat dəyərində 17 müqavilə;
Qarabağ Dirçəliş Fondu – 1.557.477,47 manat dəyərində 8 müqavilə.
Sözügedən qurumlar mövzu ilə bağlı göndərilən sorğuların heç birinə cavab verməyib.