Müəllim: "Açıq deyirlər ki, işləmək istəyirsənsə, ürəyimizcə olmayan şeylər sosial platformalarda görünməyəcək"

Müəllim: "Açıq deyirlər ki, işləmək istəyirsənsə, ürəyimizcə olmayan şeylər sosial platformalarda görünməyəcək" Foto: Sosial Media
28 May 2024
Mətni dəyiş

Ekspertin fikrincə,“Təhsilverənlərin etik davranış Qaydaları” azadlıqları məhdudlaşdırır

Mayın 15-də Elm və Təhsil Nazirliyinin Kollegiyası “Təhsilverənlərin etik davranış Qaydaları”nın yeni tələblərlə hazırlanmış formasını təsdiq edib.

5 maddəlik yeni sənədi ölkə ictimaiyyəti birmənalı qarşılamayıb. Xüsusən, bir neçə maddənin müəllimlərin ifadə azadlığı hüququnu kobud şəkildə pozduğu bildirilib.

Əsas müzakirəyə səbəb olan maddələr aşağıdakılardır:

2.3.1. təhsilverən vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir;

2.3.2. təhsilverən öz fəaliyyəti ilə bağlı mediada və sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir.

4.3. Təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır.

Bu bəndləri şərh edən müəllim Coşqun Eldaroğlu deyir ki, məqsəd müəllimlərin problemləri ictimailəşdirməməsi, çərçivədən çıxmamalarıdır:

“Çünki əvvəllər müəllimlərin ayrı-ayrı problemlərdən danışdığını görmüşük”.

C.Eldaroğlunun fikrincə, yeni sənədlə müəllimlərə açıq deyirlər ki, işləmək istəyirsənsə, onda təhsil funksionerlərinin ürəyincə olmayan şeylər sosial platformalarda görünməyəcək.

“Baş verənlər müəllimlərin hüquqlarının məhdudlaşdırılmasından, bir az da uzağa getsək, əlindən alınmasından başqa bir şey deyil. Hər şeydən əvvəl, müəllim azad olmalıdır. Müəllim bir çərçivədə yaşaya bilməz!

Bizim müəllimlərimiz bizə təkcə öz fənlərini tədris etməyiblər, yeri gələndə yol da göstəriblər. Müəllimin özünün əlini-qolunu bağlayırlarsa, uşağa nə yol göstərəcək? Təbii ki, bu, təhsilin ziyanınadır”, - deyə o fikrini tamamlayıb.

Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu “Azərbaycan müəllimi” qəzetinə deyib ki, hazırkı reallıqlar bu sənədin qəbul edilməsini zəruri edib.

“Təhsil müəssisəsində doğrudan da nüfuzu aşağı salan hərəkətlər baş verirsə, təhsilverən bunu çəkib paylaşmaq əvəzinə hadisənin konstruktiv çözülməsinə çalışmalıdır. O, bu məsələni müəssisə daxilində həll etməyə səy göstərməli, həll olunmadığı təqdirdə yuxarı quruma müraciət etməlidir.

İşlədiyi müəssisənin təəssübünü çəkmək loyal olmaq deməkdir. Ona görə də məsələyə loyallıq baxımından yanaşılmalıdır və sözügedən maddə azadlıqların məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

Ümid edək, yeni qaydalar daha çox nizam-intizam, məsuliyyət gətirəcək, daha sağlam mühitin formalaşmasına xidmət edəcək”, - deyə nazirlik funksioneri bildirib.

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI

Maddə 50. Məlumat azadlığı  

I. Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.

II. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.

III. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.

Təhsil ekpserti Elşən Qafarov da sənədin çox qüsurlu olduğunu düşünür. “Abzas Media”ya danışan ekspert deyir ki, Azərbaycanda təhsil sahəsində hüquqi normativ sənədlərdə ciddi boşluqlar var, nazirlik bunları düşünsə, daha yaxşı olardı. Onun fikrincə, yeni qaydalar təhsilə yaxşı heç nə verməyəcək:

“2014-cü ildə müəyyən edilən qaydalar indiyə qədər olan ən mükəmməl qaydalar idi. Çox təəssüf ki, Elm və Təhsil Nazirliyi həmin qaydaları ləğv edərək, heç bir məntiqə, hüquqa sığmayan və təhsil sahəsində etik davranışları tam əks etdirməyən bir sənəd qəbul edib”.

Ekspert əlavə edir ki, fərdi təhsil də daxil olmaqla təhsilin bir çox istiqamətində mövcud çatışmazlıqların həllilə bağlı Nazirlər Kabinetinin konkret qərarları olsa da, nazirlik qərarların icrası yönündə əmr imzalamır.

“Yeni qaydalar çox bərbaddır. Yazır ki, məktəblə bağlı paylaşım edə bilməz. Ancaq müəllim öz fəaliyyətini təqdim etməlidir. Dəqiq yazılaraq göstərilməlidir ki, qadağan olunan gizli çəklişlərdirmi, yoxsa müəllim öz fəaliyyətini də təqdim edə bilməz?

Qaldı pozuntuların ictimailəşməsinə, bu, qanunla qorunan hüquqdur. Hər kəsin digərlərinin şəxsi həyatına toxunmadan məlumatı əldə etmək və ötürmək hüququ var”, - deyə Elşən Qafarov bildirib.

“Təhsilverənlərin etik davranış Qaydaları” sənədi bundan əvvəl 2014-cü ildə hazırlanıb və təsdiqlənib. Bu il mayın 15-də verilən qərarla “Təhsilverənlərin etik davranış Qaydaları”nın və “Müəllimlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/2 nömrəli Qərarı ləğv edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun