Entoni Blinken, Nikol Paşinyan və Ursula von der Lyayen Brüsseldə görüşüblər
“Ermənistanın 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq Azərbaycanla münasibətlərin normallaşdırılmasına, suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan prosesə sadiq qalır. Ermənistan həmçinin suverenlik, yurisdiksiya, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında qurulan Alma-Ata Bəyannaməsində qeyd olunduğu kimi, sərhədin demarkasiyasına və bütün regional kommunikasiyaların açılmasına tam sadiqdir”.
Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 5-də Brüsseldə Avropa Komissiyasının sədri Ursula von der Lyayen və ABŞ-ın dövlət katibi Entoni Blinkenlə keçirilən görüşdən əvvəl baş tutan mətbuat konfransında belə deyib.
“İnanıram ki, bizim demokratik, sülhsevər və firavan gələcəyə dair ümumi baxışımız bundan sonra da etimada əsaslanan münasibətlərimizin dayağı və bələdçi çırağı kimi xidmət edəcək”, – deyə baş nazir Nikol Paşinyan çıxışını yekunlaşdırıb.
Ermənistanın baş nazirinin rəsmi səhifəsində dərc olunan üçtərəfli görüşə dair pressrelizdə qeyd olunur ki, Avropa İttifaqı və ABŞ Ermənistan Respublikasında siyasi islahatlar, iqtisadi inkişaf və humanitar yardım kimi əsas sahələr də daxil olmaqla, ölkənin ayanıqlığının gücləndirilməsinə yönəlmiş əməkdaşlığı genişləndirməyi hədəfləyir.
Sənəddə o da qeyd edilib ki, Avropa İttifaqı və ABŞ Ermənistanın 2018-ci ildən bəri demokratiya və ədalət islahatları və korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi əhəmiyyətli irəliləyişi yüksək qiymətləndirir.
“ABŞ planlaşdırılan islahatların həyata keçirilməsində Ermənistana və baş nazir Paşinyana dəstək verməyə sadiqdir. Bayden administrasiyası Konqres ilə birlikdə 2023-cü maliyyə il üzrə Ermənistana təxminən 65 milyon dollar yardım etməyi planlaşdırır", – bəyanatda vurğulanıb.
Bundan başqa Avropa İttifaqı 2024-2027-ci illər üçün “Davamlılıq və İnkişafı” proqramı çərçivəsində Ermənistana 270 milyon avro ayıracaq.
Avropa Komissiyasının sədri Ursula von der Lyayen 2021-ci ildə başlanmış İqtisadi və İnvestisiya Planının faydalarına toxunub və artıq qrantlar, özəl və dövlət investisiyaları vasitəsilə Ermənistana 550 milyon avrodan çox investisiyanın cəlb edildiyini bildirib.
Bəyanatda 2023-cü ildə Azərbaycanla baş verən toqquşmalardan sonra Qarabağı tərk edən ermənilərin taleyinə də yer verilib. Bildirilib ki, 100 000-dən çox məcburi köçkün və qaçqının dəstəklənməsi və sosial inteqrasiyası sahəsində Ermənistanın üzləşdiyi cari problemləri nəzərə alaraq, Avropa İttifaqı və Birləşmiş Ştatlar Ermənistanın ehtiyacı olanlara mənzil, məşğulluq imkanları və psixoloji-sosial yardım dəstəyinə sadiq qalacaq.
"2023-cü ilin sentyabr ayından etibarən Aİ qaçqınların təcili və sosial-iqtisadi ehtiyaclarını qarşılamaq üçün 18 milyon avro humanitar və 15 milyon avro büdcə dəstəyini sürətlə səfərbər edib. Beləliklə, 2020-ci ildən zərər çəkmiş əhaliyə humanitar yardımın ümumi həcmi 38,4 milyon avro təşkil edir", – deyə pressrelizdə qeyd edilib.
Bundan əlavə bildirilir ki, 2023-cü ilin sentyabrından başlayaraq ABŞ məcburi köçkünlər və qaçqınlar üçün 7 milyon dollardan çox humanitar yardım elan edib.
"Bu maliyyə 2020-ci ilin sentyabr ayından başlayaraq ABŞ-ın ümumi humanitar yardımını təxminən 31 milyon dollara çatdıracaq. ABŞ yardımı həyati vacib ərzaq yardımı, humanitar müdafiə və müvəqqəti mənzil təmin edib və köçkünlərin və qaçqınların ehtiyaclarını qarşılamağa davam edəcək. Birləşmiş Ştatlar Ermənistanın dövlət xidmətləri və infrastruktura təzyiqi minimuma endirmək, sosial birliyi və iqtisadi inkişafı təşviq etmək səylərini dəstəkləyəcək" bəyanatın sonunda qeyd edilib.
“Biz ABŞ və Aİ-dən olan tərəfdaşlarımızla Ermənistanın iqtisadi, humanitar və demokratik sabitliyini gücləndirmək üçün əməkdaşlığın genişləndirilməsi istiqamətində gözəl müzakirələr aparmışıq”, – deyə Paşinyan “X” platformasındakı hesabında yazıb.
Milli Məclisin deputatı Vüqar Bayramov “X” platformasında yazıb ki, qeyri-inklüziv Brüssel görüşü Qafqazda xoşagəlməz xətlər çəkib.
“Regional inklüzivliyi nəzərə almayan istənilən görüş regionda sülh prosesinə zərbədir və ayrı-seçkilik xarakteri daşıyır”, – deyə Bayramov vurğulayıb.
Rəsmi Bakı Brüssel görüşünə dair açıqlama verməyib.