Blinken: “Azərbaycanda haqsız yerə həbs olunanlar azad edilməlidir”

Blinken: “Azərbaycanda haqsız yerə həbs olunanlar azad edilməlidir” Foto: AzTV
29 Aprel 2024
Mətni dəyiş

ABŞ Qubad İbadoğlunun tez bir zamanda tam azad edilməsinə çağırır

Aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə hər iki ölkənin rəsmi orqanları məlumat yayıb. Bildirilib ki, Blinken və Əliyev Azərbaycanda insan hüquqlarının vəziyyətilə bağlı da danışıblar:

“Blinken sərhədlərin delimitasiyası sahəsində razılaşma ilə bağlı təbriklərini çatdırıb. Prezident isə sülh prosesinin təşəbbüskarının Azərbaycan olduğunu bildirib. Əliyev bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir”, - deyə məlumatda qeyd olunub.

Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyinin yaydığı məlumatda deyilir ki, dövlət katibi prezident Əliyevi erməni həmkarı ilə mövcud dinamikanı davam etməyə çağırıb və ABŞ-ın bu səyləri dəstəkləməyə hazır olduğunu bir daha vurğulayıb.

“Katib Blinken ABŞ-Azərbaycan arasında güclü ikitərəfli münasibətlər arzuladığımızı vurğulayaraq, qarşılıqlı enerji, iqlim və bağlantı istiqamətlərində əməkdaşlıq etmək və Bakıda keçiriləcək COP29-un müvəffəqiyyətini təmin etmək üçün səylərimizi qeyd edib. O, Azərbaycanın Qubad İbadoğlunu ev dustaqlığına buraxmasını humanitar jest kimi alqışlayıb və onun tez bir zamanda tam azad edilməsinə çağırıb. Dövlət katibi Blinken Azərbaycanı bir daha insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə əməl etməyə və Azərbaycanda haqsız yerə həbs olunanları azad etməyə çağırıb”.

Bu günlərdə ABŞ Senatına Azərbaycanda insan hüquqlarının pozulmasında görə bəzi vəzifəli şəxslərə sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim edilib.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun