Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib: “Ölkədəki insan haqları pozuntuları COP 29-a hazırlıqla uyğun gəlmir”
Avropa Parlamenti aprelin 25-də “Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiya və Dr. Qubad İbadoğlu və İlhamiz Quliyevin işi” adlı qətnamə qəbul edib.
Sənədə əsasən, Avropa Parlamenti Azərbaycan hakimiyyətini bütün siyasi məhbusları azad etməyə, Aİ-ni insan hüquqlarının pozulmasına görə məmurlara qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Qəbul edilən qətnamədə qeyd edilir ki, vətəndaş cəmiyyətinə, fəallara və “Abzas Media” kimi az sayda qalan müstəqil mediaya qarşı həbslər və məhkəmə təzyiqləri vasitəsilə repressiyalar intensivləşib, bunun nəticəsində ölkədə hazırda siyasi məhbusların sayı 300-ə çatıb.
Bildirilir ki, müxalif siyasətçi və iqtisadçı alim Qubad İbadoğlu 2023-cü ilin iyulunda Azərbaycan hakimiyyəti tərəfindən həbs edilib və 22 aprel 2024-cü ildə ev dustaqlığına buraxılıb. Əlavə edilib ki, həbs olunduqdan sonra işgəncə, qeyri-insani saxlanma şəraiti və adekvat tibbi yardımdan məhrum edilməsi nəticəsində iqtisadçının sağlamlığı əhəmiyyətli dərəcədə pisləşib və bununla da həyatı təhlükə altına düşüb.
Eyni zamanda bildirilir ki, hüquq müdafiəçisi İlhamiz Quliyev 2023-cü il dekabrın 4-də polisin əməliyyatlar zamanı müsadirə edilən narkotik vasitələrdən hökuməti tənqid edənlərə qarşı istifadə etməsi barədə müsahibəsindən sonra elə narkotik alveri ilə bağlı ittihamlarla əsassız həbs edilib. Onu 12 ilə qədər həbs cəzası gözləyir.
Qəbul edilən qətnaməyə əsasən, Avropa Parlamenti Azərbaycanı İlhamiz Quliyevi dərhal və qeyd-şərtsiz azad etməyə, ev dustaqlığına buraxılan Qubad İbadoğlunun ölkədən çıxış qadağasını ləğv etməyə və ona qarşı irəli sürülən bütün ittihamlara xitam verməyə, təcili olaraq öz seçdiyi həkim tərəfindən müstəqil tibbi müayinədən keçməsini təmin etməyə və xaricdə müalicə almasına şərait yaratmağa çağırır.
Bundan əlavə sənəddə siyasətçi, hüquq müdafiəçiləri və jurnalistlər Tofiq Yaqublu, Akif Qurbanov, Bəxtiyar Hacıyev, Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Hafiz Babalı, Elnarə Qasımova, Əziz Orucov, Rüfət Muradlı, Əvəz Zeynallı, Elnur Şükürov, Ələsgər Məmmədli, Fərid İsmayılov və bütün digər siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsi barədə çağırış edilir.
Eyni zamanda Azərbaycan hakimiyyətinə insan ləyaqətinə və əsas azadlıqlara hörmətlə bağlı öhdəlikləri xatırladılır, müstəqil qeyri-hökumət təşkilatlarını və medianın fəaliyyətini məhdudlaşdıran repressiv qanunvericiliyi ləğv etmək barədə çağırış edilir.
Avropa Parlamenti hesab edir ki, Azərbaycanda davam edən insan hüquqları pozuntuları ölkənin COP29-a ev sahibliyi etməyə hazırlığı ilə uyğun gəlmir. Qəbul edilən qətnamə təşkilatçılardan insan hüquqlarının, əsas azadlıqlarının və vətəndaş cəmiyyətinin səmərəli iştirakının qəbul edən Ölkə Sazişində tam təsbit edilməsinə və təmin olunmasına nəzarət etməsini tələb edir;
Sənəddə o da vurğulanır ki, Avropa Komissiyası Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə yenidən baxmalıdır. Əlavə edilir ki, hər hansı gələcək tərəfdaşlıq sazişi bütün siyasi məhbusların azad edilməsi və ölkədə insan hüquqlarının ümumi vəziyyətinin yaxşılaşdırılması şərti ilə imzalanmalıdır.
Qətnamə Avropa İttifaqının İnsan Hüquqları üzrə Xüsusi Nümayəndəsini Azərbaycanda siyasi məhbuslarla görüş tələb etməyə çağırır.
Sənəddə Aİ-nin qlobal insan haqları sanksiyaları rejiminə uyğun olaraq ciddi insan hüquqları pozuntularına yol vermiş Azərbaycan rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsinə çağırış təkrarlanır.
Qəbul edilən qətnaməyə əsasən, bu qərar Avropa Şurasına, Komissiyasına, Komissiyanın vitse-prezidentinə, İttifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsinə, üzv dövlətlərə və Azərbaycan Respublikasının Prezidentinə, hökumətinə və parlamentinə göndərilməlidir.