Avropa İttifaqının Diplomatik Xidməti fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, bu seçkilər Azərbaycan Respublikasının bütün ərazisində keçirilən ilk seçkilər olub və prezident İlham Əliyev ilkin nəticələrə görə yenidən beşinci müddətə seçilib.
“Avropa İttifaqı ATƏT/DTİHB-nin Seçki Müşahidə Missiyasının ilkin qeydlərini və nəticələrini nəzərə alır. ATƏT/DTİHB-nin Seçki Müşahidə Missiyasının məlumatına görə, seçkilər məhdud siyasi mühitdə, əsas hüquq və azadlıqları, o cümlədən sərbəst toplaşmaq, ifadə və media azadlığını məhdudlaşdıran qanunlarla keçirilib.
Seçkilərə səmərəli hazırlıq getməsinə baxmayaraq, tənqidi səslərin boğulması və siyasi alternativlərin olmaması seçki prosesini xarakterizə edib. Seçki günü sakit və ümumən nizam-intizamlı keçib, lakin müşahidəçilər məcburi prosedurlara geniş şəkildə məhəl qoyulmadığını, şəffaflığın olmadığını və çoxsaylı ciddi pozuntuların baş verdiyini bildiriblər”, – bəyanatda deyilir.
Avropa İttifaqı Diplomatik Xidməti bəyanatın sonunda qeyd edib ki, Azərbaycan hakimiyyətinin bu və əvvəlki seçkilərlə bağlı ATƏT/DTİHB tövsiyələrini nəzərə alacağına və həyata keçirəcəyinə ümid edir.
“Aİ Azərbaycan xalqının mənafeyi naminə yaxşı idarəetmə, insan hüquqları və qanunun aliliyi məsələləri də daxil olmaqla, Azərbaycanla dialoq və əməkdaşlığı davam etdirir”, - deyə bəyanatın sonunda bildirilib.
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.
Mərkəzi Seçki Komissiyası 6537 seçki məntəqəsinin hamısından bülletenleri 100 faiz nəzərdən keçirdikdən sonra növbədənkənar prezident seçkilərinin nəticələrini açıqlayıb.
İlham Əliyev 92,12 faiz səs (4 577 693 səs) ilə qalib gəlir.
Zahid Oruc 2,17 faiz (107 877 səs), Fazil Mustafa 1,98 faiz (98 623 səs), Qüdrət Həsənquliyev 1,72 faiz (85 607 səs), Razi Nurullayev 0,80 faiz (39 727 səs), Elşad Musayev 0,66 faiz (32 956 səs), Fuad Əliyev 0,53 faiz (26 561 səs) səs toplayıb.
Seçkilərin nəticələri yoxlanmaq və təsdiqlənmək üçün Konstitusiya Məhkəməsinə göndəriləcək. Qərardan sonra dövlət başçısının andiçmə mərasimi keçiriləcək.
ATƏT fevralın 8-də növbədənkənar prezident seçkisində müşahidələrilə bağlı ilkin hesabatını yayıb. İlkin hesabatda qeyd olunur ki, 7 fevral seçkiləri məhdudlaşdırıcı mühitdə keçib, seçkiyə hazırlıqlar səmərəli idarə edilsə də, tənqidi səslərin boğulması və siyasi alternativlərin olmaması ilə yadda qalıb.
“Birləşmək, ifadə və sərbəst toplaşmaq kimi fundamental azadlıqlara uzun müddətdir qoyulmuş ciddi məhdudiyyətlər həm qanunda, həm də təcrübədə həqiqi demokratik seçki standartlarına ziddir”, - açıqlamada vurğulanıb.