Mərkəzi Seçki Komissiyası (MSK) 11 seçki məntəqəsində prezident seçkisi ilə bağlı səsvermənin nəticələrini ləğv edib, həmin seçki məntəqələrinin komissiyaları isə buraxılıb.
“Report”un məlumatına görə, bunu MSK sədrinin müavini Rövzət Qasımov qurumun fevralın 11-də keçirilən iclasında bildirib.
Nəticələri etibarsız sayılan məntəqələr aşağıdakılar olub:
41 saylı Gəncə-Samux-Goranboy Seçki Dairəsinin 38 saylı məntəqəsi
61 saylı Qusar Seçki Dairəsinin 7 və 27 saylı məntəqələri
65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsinin 9 saylı məntəqəsi
68 saylı Sabirabad-Şirvan Seçki Dairəsinin 2 saylı məntəqəsi
77 saylı Lənkəran Seçki Dairəsinin 7 və 31 saylı məntəqələri
92 saylı Göyçay-Ağdaş Seçki Dairəsinin 6 saylı məntəqəsi
99 saylı Bərdə Seçki Dairəsinin 2 saylı məntəqəsi
114 saylı Şəki Şəhər Seçki Dairəsinin 1 saylı məntəqəsi
115 saylı Şəki Kənd Seçki Dairəsinin 6 saylı məntəqəsi
61 saylı Qusar Seçki Dairəsinin 7 və 27 saylı məntəqəsində, 99 saylı Bərdə Seçki Dairəsinin 2 saylı məntəqəsində qeydə alınan saxtakarlıq faktlarını “Abzas Media” yaymışdı. Onlayn müşahidə kameraları vasitəsilə qeydə alınan videolarda bir şəxsin dəfələrlə səs verdiyi müşahidə olunub.
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. MSK-nın dərc etdiyi nəticələrə görə, hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyev 92,12 faizlə (4 milyon 577 min 693 səs) qalib gəlib.
Prezident seçkisini boykot edən Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) nəticələri tanımadıqlarını bəyan edib. “Respublikaçı Alternativ” (REAL) Partiyasının siyasi komitəsinin sədri İlqar Məmmədov isə Prezident İlham Əliyevi qələbə münasibətilə təbrik edib.