“Euronews”: AZAL-ın təyyarəsinin qəzaya uğramasına Rusiyanın zenit raketi səbəb olub

“Euronews”: AZAL-ın təyyarəsinin qəzaya uğramasına Rusiyanın zenit raketi səbəb olub Foto: Baku ws
26 Dekabr 2024
Mətni dəyiş

Dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə hərəkət edən Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə Qroznı şəhərinə yaxınlaşan zaman hücuma məruz qaldığı bildirilir. “Euronews” bu barədə Azərbaycan hökumətindəki mənbələrə istinadən eksklüziv xəbər paylaşıb.

Bildirilib ki, çərşənbə günü Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğramasına Rusiyanın zenit raketi səbəb olub. Mənbələrin məlumatına görə, raket Çeçenistanın Qroznı şəhəri üzərində pilotsuz uçuş aparatlarının (PUA) hava fəaliyyəti zamanı 8243 saylı reysə atılıb və təyyarənin yaxınlığında partlayaraq sərnişinlərə və ekipaj üzvlərinə qəlpə xəsarətləri yetirib.

“Euronews”a danışan hökumət mənbələri bildiriblər ki, zədələnmiş təyyarəyə Rusiya hava limanlarından heç birində təcili eniş etməyə icazə verilməyib. Pilotların müraciətinə baxmayaraq, təyyarəyə Xəzər dənizi üzərindən keçərək Qazaxıstanın Aktau şəhərinə uçmaq göstərişi verilib.

Məlumatlara görə, təyyarənin GPS naviqasiya sistemləri uçuş marşrutu boyunca dəniz üzərində bloklanıb. Bakıda mənzillənən "AnewZ" beynəlxalq nəşri Azərbaycan hökumətinin mənbələrinə istinadən bildirib ki, raket “Pantsir-S” hava hücumundan müdafiə sistemi vasitəsilə buraxılıb.

Rusiya mənbələrinin məlumatına görə, AZAL-ın reysi Çeçenistan ərazisi üzərindən keçərkən Rusiya hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus PUA-ları vurmağa hədəflənib.

Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının rəhbəri Hamzat Kadırov çərşənbə günü səhər Qroznıya PUA  hücumunun olduğunu təsdiqləyərək, itki və dağıntıların olmadığını bildirmişdi.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko ötən gün bildirib ki, Azərbaycan aviaşirkətinə məxsus Bakıdan Qroznıya uçan “Embraer 190” təyyarəsi Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

“Ancaq bunu etiraf etmək hər kəs üçün əlverişsizdir, buna görə də təyyarənin qalan hissələrindəki dəlikləri belə ört-basdır etmək üçün səylər göstəriləcək. Uçuş zamanı təyyarənin içərisindən deşilmiş xilasedici jiletləri və digər zədələri əks etdirən videogörüntülər də var.

Rusiya Qroznı üzərində hava məkanını bağlamalı idi, lakin bunu bacarmadı. Ruslar təyyarə zədələyiblər və insanların həyatını xilas etmək üçün təcili olaraq Qroznıya endirmək əvəzinə, Qazaxıstana göndəriblər”, –  deyə Kovalenko öz rəsmi “X” hesabında yazıb.

Rusiya tərəf hələlik qəzanın səbəblərinə dair rəsmi reaksiya verməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirilən brifinqdə qəza ilə bağlı istintaq yekunlaşandan sonra şərh verəcəklərini deyib.

Dekabrın 25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus 8243 saylı reysilə uçan “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında məcburi eniş etməyə cəhd edərkən qəzaya uğrayıb. Nəticədə 38 sərnişin həlak olub, 29 nəfər isə sağ qalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun