Fərid Mehralızadə: "Siz yalançı prokurorsunuz. Əgər Buratino olsaydınız, burnunuz divara qədər uzanardı"
Dekabrın 28-də "Abzas Media işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər isə heç bir ittiham üzrə özlərini təqsirli bilməyiblər.
İş üzrə həbs olunan "Abzas Media"nın baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) çıxış edərək bildirib ki, bu qədər qaçaqmalçılıq baş veribsə, Gömrük Komitəsinin bundan niyə məlumatı olmayıb?
"Abzas Media, Toplum TV və Meydan TV işləri üzrə onlarla jurnalist qaçaqmalçılıqda ittiham edilir. Biz ölkəyə bu qədər pul gətirmişiksə, necə olub ki, Gömrük Komitəsinin sədrinin xəbəri olmayıb. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov hara baxırdı? Onun məhkəməyə gəlib bu suala cavab verməsini tələb edirəm!".
Daha sonra digər təqsirləndirilən şəxs, "Azadlıq Radiosu"nun əməkdaşı Fərid Mehralızadə işin qanunsuz və Cinayət Prosesual Məcəlləsinə zidd şəkildə aparıldığını bildirib.
O qeyd edib ki, hazırda prosesual pozuntulara aydınlıq gətirmək yalançı prokurorun yox, məhkəməyə sədrlik edən hakimin işidir.
Prokuroru yalançılıqda günahlandırdıqdan sonra Mehralızadə fikrini davam etdirib: "Bəli, siz yalançı prokurorsunuz. Əgər Buratino olsaydınız, burnunuz divara qədər uzanardı".
Ötən ilin noyabrından etibarən Azərbaycanda dövlət rəhbərliyi ətrafında korrupsiya araşdırmaları edən "Abzas Media"nın 6 əməkdaşı – baş direktor Ülvi Həsənli, müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib. Onlar qaçaqmalçılıqda ittiham olunublar.
Bu il mayın 31-də isə "Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə saxlanılıb, evində axtarış aparılıb. İyunun 1-də ona qarşı “Abzas Media işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Xətai rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Elə həmin gün “Abzas Media” bəyanat yayaraq Mehralızadənin bu media qurumu ilə heç bir əməkdaşlığının və əlaqəsinin olmadığını bildirib.
Daha sonra bu iş üzrə həbs edilənlərlərin hər birinə qarşı maliyyə məsələlərilə bağlı əlavə 7 maddə üzrə ittiham irəli sürülüb.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu təqibləri siyasi motivli hesab edir və həbs olunanların azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.