Nyu Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan hökumətini korrupsiyaya qarşı müstəqil araşdırmalar aparan "Abzas Media" nəşrinin 6 jurnalisti və “Azadlıq Radiosu”nun Azərbaycan xidmətinin əməkdaşı Fərid Mehralızadəyə qarşı ittihamları ləğv etməyə çağırıb.
Jurnalislərin məhkəmə prosesi dekabrın 17-də Ağır Cinayətlər Məhkəməsində başlayıb.
““Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə və korrupsiya araşdırmaları aparan “Abzas Media” nüfuzlu müstəqil platformasının altı üzvünün məhkəməsi Azərbaycan hakimiyyətinin son bir ildə ölkənin aparıcı müstəqil jurnalistlərini cəzalandırmaq üçün təqib xarakterli cinayət ittihamlarından necə istifadə etdiyini açıq şəkildə göstərir,” – deyə CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid bildirib.
“Azərbaycan hökuməti Mehralızadə və "Abzas Media" heyəti də daxil olmaqla, məhkəməsi davam edən və ya məhkəməsi gözlənilən 20-dək jurnalistə qarşı bütün ittihamları dərhal ləğv etməli və onların hamısını azad etməlidir” – təşkilatın bəyanatında deyilib.
CPJ-nin bəyanatında qeyd edilib ki, bu jurnalistlər 2023-cü ilin noyabrından bəri Azərbaycanda müstəqil media və vətəndaş cəmiyyətinə qarşı genişmiqyaslı təzyiqlər zamanı saxlanılaraq ağır cinayətlərlə ittiham olunan 20-dən çox media işçisi arasındadırlar.
“Azərbaycandakı ən nüfuzlu müstəqil media qurumlarının əməkdaşları olan bu jurnalistlərin əksəriyyəti Qərbdən maliyyələşmə iddiası ilə valyuta qaçaqmalçılığı ittihamları ilə həbs olunub. Bu hadisələr Azərbaycanla Qərb arasındakı münasibətlərin gərginləşməsi fonunda baş verib”.
Bundan əvvəl ABŞ Dövlət Departamenti, “Amnesty International” və “Sərhədsiz Reportyorlar” da hökuməti “Abzas Media işi” üzrə saxlanılan jurnalistləri məhkəmə ərəfəsində azad etməyə çağırıb.
"Biz bu işdən çox narahatıq və Azərbaycanı ölkədə hər bir şəxsin hüquqlarına hörmət etməyə, xüsusən mətbuat azadlığına hörmət etməyə çağırırıq", deyə Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib.
Ötən ilin noyabrından etibarən "Abzas Media"nın 6 əməkdaşı – baş direktor Ülvi Həsənli, müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib.
"Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə isə bu il mayın 31-də isə saxlanılıb, evində axtarış aparılıb.
Jurnalistlər qaçaqmalçılıqda ittiham olunurlar.
Daha sonra bu iş üzrə həbs edilənlərlərə qarşı ittihamlar ağırlaşdırılaraq daha 7 maddə üzrə ittiham irəli sürülüb. Bu ittihamlarla onları 12 ilədək həbs cəzası gözləyir.
Jurnalistlər onlara qarşı irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu təqibləri siyasi motivli hesab edir və həbs olunanların azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.