“Buranı yandıranda bu kənd tamamilə tüstü içində olur. Yaşamaq mümkün deyil” Lənkəranın Göyşaban kəndinin sakinləri illərdir təmiz havaya həsrət qalıblar. Səbəb isə yaxınlıqdakı zibil poliqonudur.
Sakinlər deyirlər ki, əsasən şəhərin tullantılarının töküldüyü bu poliqonda zibillər hər axşam yandırılır. Zibilin tüstüsündən, üfunət qoxusundan qapı-pəncərələri bağlı saxlayan kənd camaatı xüsusən də yay aylarında daha çox əziyyət çəkdiklərini bildirir. Sakinlərin sözlərinə görə, atılan tullantı o qədər çoxdur ki, artıq kəndin asfalt yoluna qədər gəlib çatıb.
Göyşaban sakinləri deyir ki, onların dərdləriylə heç kim maraqlanmır. Dəfələrlə aidiyyəti qurumlara problemlə bağlı məlumat versələr də, heç bir tədbir görülməyib. “Ətrafda yaşayan camaat narazıdır, ancaq nə xeyri? Baxılmır”.