Boris Consonun britaniyalı məsləhətçilərindən olan keçmiş biznes rəhbərinə insan haqlarını pozmaqda ittiham edilən Azərbaycan rejiminə part-time işləmək üçün aylıq 25 000 ABŞ dolları qonorarla yanaşı 50 000 dollar bonus ödənilib
Böyük Britaniya siyasətçiləri və neft sənayesi ilə yaxın əlaqələrinin olduğu deyilən bir lobbi şirkətinə Azərbaycanın avtoritar rejiminin imicini bu ay keçiriləcək COP29 ərəfəsində yaxşılaşdırmaq məqsədilə 4,7 milyon dollar ödənilib. Bu barədə Avstraliyanın “Democracy for sale” təşkilatının “iPaper” və “SourceMaterial” ilə birgə apardığı araşdırmasında deyilir.
Noyabrın 11-də Azərbaycanın paytaxtı Bakıda Birləşmiş Millətlər Təşkilatının 29-cu illik İqlim Dəyişikliyi Konfransı – COP29 keçiriləcək. Bu qlobal konfransa ev sahibi kimi Azərbaycanın seçilməsi mübahisələrə səbəb olub. Ölkənin iqtisadiyyatı böyük dərəcədə ənənəvi yanacaqlardan asılıdır, tənqidçilər isə rejimin iqlim fəallarının həbsi də daxil olmaqla, insan haqlarını pozduğunu qeyd edir.
Üç təşkilatın birgə araşdırması göstərir ki, “Teneo” şirkəti ilə müqavilənin bir hissəsi kimi onun britaniyalı məsləhətçilərindən birinə “part-time əsasda” işləmək qarşılığında “aylıq 25 000 dollar ödəniş və 50 000 dollar bonus” ödəniləcək.
Araşdırmaçılar iddia edirlər ki, “Teneo”da Britaniyanın sabiq baş naziri Boris Consonun keçmiş biznes müşaviri Aleks Hikman çalışır. Şirkətin Londondakı baş idarəedici direktoru isə Britaniyanın digər sabiq baş naziri Toni Bleyerin keçmiş xüsusi məsləhətçilərindən biri olan Patrik Laflandır.
Sənədlərə görə, bu şirkətin vəzifələrinə “media təlimi”nin keçirilməsi və sammitin ev sahiblərinə “tezislərin hazırlanması” ilə bağlı məsləhətlərin verilməsi daxildir. Kampaniyaya “Teneo”nun qlobal strategiya üzrə prezidenti, əvvəllər Azərbaycanın ən böyük xarici investoru olan neft nəhəngi BP-nin baş icraçı direktoru Ceff Morrell rəhbərlik edir.
İqlim kampaniyası qrupları “Teneo”nu Azərbaycanın imicinin “yaşıllaşdırılmasına” kömək etməkdə ittiham edirlər.
“Azərbaycan kimi neft ölkələrinə kömək edən şirkətlər… “yaşıl yuyulmada” əlbirdirlər”, - “Global Witness” təşkilatının baş araşdırmaçısı Lela Stenli belə deyib.
“Teneo” və Azərbaycan hökuməti araşdırmaçıların suallarını cavablandırmaqdan imtina ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev COP29 konfrasının keçirilməsinin “ölkə və xalq üçün növbəti böyük uğur” olacağını bildirib.
Lakin bir çox beynəlxalq təşkilatlar Bakıda “yaşıl gələcək”in müzakirəsinin məqsədəuyğun olması ilə razılaşmırlar. Məsələn, “Transparency International” xatırladır ki, Azərbaycan yaxın onillikdə qaz hasilatını üç dəfə artırmağı planlaşdırır. Bu da ekoloji gündəliyə ziddir. Bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28 konfransında bərpa olunan enerji və karbon neytrallığına nail olmaq üçün ənənəvi yanacaqdan mərhələli şəkildə - 2050-ci ilə qədər imtina barədə qərar qəbul edilib.
Hüquq müdafiəçiləri qeyd ediblər ki, Azərbaycanda hüquq müdafiəçiləri və jurnalistlər də daxil olmaqla 300-dən çox siyasi məhbus var və ölkə hakimiyyəti ekoloji problemlərdən danışanları təqib edir.