AŞ komissarı İlham Əliyevi siyasi məhbusları azad etməyə çağırıb

AŞ komissarı İlham Əliyevi siyasi məhbusları azad etməyə çağırıb Foto: Reuters
19 Noyabr 2024
Mətni dəyiş

Maykl O'Flaerti: "Mən Azərbaycan hakimiyyətilə dialoqun və əməkdaşlığın, o cümlədən ölkəyə səfər kontekstində, davam etdirilməsini səbirsizliklə gözləyirəm"

Avropa Şurasının (AŞ) insan hüquqları üzrə komissarı Maykl O'Flaerti prezident İlham Əliyevi hüquq müdafiəçilərini, jurnalistləri və fəalları həbsdən azad etməyə çağırıb.

“Turan” yazır ki, çağırışı noyabrın 18-də AŞ mətbuat xidməti yayıb. O'Flaerti bildirib ki, o, hüquq müdafiəçilərinə, jurnalistlərə və fəallara qarşı cinayət işlərinin onların öz qanuni fəaliyyətini həyata keçirməsi ilə əlaqədar başlanması barədə xəbərlərdən narahatdır.

"Hakimiyyətdən öz qanuni fəaliyyətinə, fikir ayrılığına və ya tənqidi fikirlərini ifadə etdiyinə görə həbsdə olan bütün hüquq müdafiəçilərini, jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını dərhal azad etməyi, onların barəsində cinayət ittihamlarını, o cümlədən sərhədi keçməyə qadağa da daxil olmaqla, məhdudiyyətlərlə bağlı tədbirləri ləğv etməyi xahiş edirəm", - müraciətdə qeyd olunub. 

"Abzas Media", "Toplum TV" və “Kanal 13”ün ümumilikdə 10-dan çox jurnalistinin həbsdə olduğunu xatırladan komissar əlavə edir ki, qaçaqmalçılıqda ittiham olunan Akif Qurbanov, Ələsgər Məmmədli, İmran Əliyev və Anar Məmmədlinin həbsindən narahatdır.

Komissar "hökumət tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının cinayət hüququndan sui-istifadə edilməklə və qanunun aliliyi pozulmaqla özbaşına həbs edilməsi və saxlanılması ilə bağlı narahatedici tendensiyasını" qeyd edib.

O, Azərbaycan hakimiyyətindən "polisdə saxlanıldığı zaman bir neçə hüquq müdafiəçisi, jurnalist və fəal ilə amansız rəftar barədə məlumatların effektiv araşdırılmasını, həmçinin vəkillə görüş və adekvat tibbi yardımın göstərilməsi imkanlarının təmin edilməsini" xahiş edib.

O'Flaerti Azərbaycan hakimiyyətini "assosiasiya, dinc toplaşma və ifadə azadlığı, habelə hüquq müdafiəçilərinin, jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının vəziyyəti ilə bağlı bütün qanun və təcrübələrin Avropa Şurasının insan hüquqları sahəsində standartlarına uyğun olmasına, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarlarının tam yerinə yetirilməsi yoluyla təmin edilməsinə" çağırır.

"Mən Azərbaycan hakimiyyətilə dialoqun və əməkdaşlığın, o cümlədən ölkəyə səfər kontekstində, davam etdirilməsini səbirsizliklə gözləyirəm", - O'Flaerti fikrini yekunlaşdırıb.

Yerli hüquq müdafiəçiləri bildirirlər ki, Azərbaycanda 319 siyasi məhbus var. Hakimiyyət nümayəndələri isə iddiaları rədd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun