Apellyasiya məhkəməsi jurnalistləri yenə həbsdə saxlayıb

Apellyasiya məhkəməsi jurnalistləri yenə həbsdə saxlayıb Foto: sosial media
18 Noyabr 2024
Mətni dəyiş

Noyabrın 20-də jurnalistlərin həbsinə dair istintaq işinin 1 ili tamam olacaq 

Noyabrın 18-də "Abzas Media işi" üzrə həbs olunanların növbəti məhkəmə prosesləri keçirilib. 

Bakı Apellyasiya Məhkəməsində baş tutan prosesdə "Abzas Media"nın direktoru Ülvi Həsənlinin ev dustaqlığına buraxılmaması ilə bağlı Xətai rayon Məhkəməsinin qərarından apellyasiya şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib. 

Ülvi Həsənlinin məhkəməsi ilə eyni ərəfələrdə bu iş üzrə tutulan digər jurnalist Elnarə Qasımovanın 2 məhkəmə prosesi olub. Prokuror Heydər Lütfüzadə və müstəntiq Nahid Abbaslının iştirakı ilə keçirilən proseslərdə müdafiə tərəfinin şikayəti rədd edilib. 

Hakim Habil Məmmədov jurnalistin həbs qətimkan tədbirinin uzadılmasından, hakim Emin Əliyev isə ev dustaqlığına buraxılmamasından verilmiş apellyasiya şikayətini geri çevirib. 

Eyni gündə, eyni məhkəmədə "Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadənin də ev dustaqlığına buraxılmamasından verilmiş apellyasiya şikayətinə baxılıb. 

Hakim Emin Mehdiyevin sədrliyilə keçirilən prosesdə prokuror Heydər Lütfüzadə və müstəntiq Toğrul Hüseynov iştirak edib. Bu şikayət də təmin edilməyib.

Ötən ilin noyabrından etibarən Azərbaycanda dövlət rəhbərliyi ətrafında korrupsiya araşdırmaları edən "Abzas Media"nın 6 əməkdaşı – direktor Ülvi Həsənli, müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib. Onlar qaçaqmalçılıqda ittiham ediliblər. 

Bu il mayın 31-də isə "Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə saxlanılıb, evində axtarış aparılıb. İyunun 1-də ona qarşı “Abzas Media işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Xətai rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Elə həmin gün “Abzas Media” bəyanat yayaraq Mehralızadənin bu media qurumu ilə heç bir əməkdaşlığının və əlaqəsinin olmadığını bildirib. 

Daha sonra bu iş üzrə həbs edilənlərlərin hər birinə qarşı maliyyə məsələlərilə bağlı əlavə 7 ağır maddə üzrə ittiham irəli sürülüb. 

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu təqibləri siyasi motivli hesab edir və həbs olunanların azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun