"Abzas Media"nın direktoru Ülvi Həsənlinin həbsindən əvvəl üzərində işlədiyi araşdırma Səfərbərlik Xidmətinin rəis müavini Mayıl Şahverdiyevin özəl biznesinin olduğunu, vergi öhdəliklərini isə pozduğunu aşkarlayıb.
Azərbaycanda hüquq mühafizə orqanlarının tez-tez baş çəkdiyi dövlət orqanlarından biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir. İkinci Qarabağ Müharibəsindən bu günə qədər Səfərbərlik Xidmətində çalışan onlarla vəzifəli şəxs rüşvət almaqda ittiham olunaraq həbs edilib. Xidmət rəisi və digər vəzifəli şəxslər isə işdən çıxarılıb.
Təkcə son 2 ildə Xidmətin 218 əməkdaşı müxtəlif növ məsuliyyətə cəlb olunub. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 25 fakt üzrə 47 nəfər barəsində materiallar Baş Prokurorluğa göndərilib. Ancaq qurumun başının üstünü almış qara buludların arasında ulduzu parıldayanlar da var. Onlardan biri də general-leytenant Mayıl Şahverdiyevdir.