Hakim Rasim Sadıxov "Sülh və Demokratiya İnstitutu"nun siyahısında sifarişli qərarlar çıxaran hakim kimi təqdim olunur
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri müstəqil vəkil Nazim Musayevin cəzalandırılması üçün Vəkillər Kollegiyasına müraciət ediblər.
Abzas Media-ya bu barədə Nazim Musayev özü məlumat verib. Vəkil deyir ki, buna səbəb müdafiə etdiyi Möhyəddin Orucovun hüquqları ilə bağlı vəsatətlər qaldırması və ümumiyyətlə məhkəmə tərkibinə etiraz etməsidir.
Bu iş üzrə məhkəmə tərkibi sədr Rasim Sadıxov, hakimlər Novruz Kərimov və Leyla Əsgərova-Məmmədovadan ibarətdir.
Nazim Musayev deyir ki, onun fikrincə, bu yolla onu Möhyəddin Orucovun müdafiəsindən kənarlaşdırmaq istəyirlər.
"Möhyəddin Orucov ictimai fəaldır, həmkarlar ittifaqı təşkilatının üzvüdür. Ancaq bunun mənə aiddiyatı yoxdur, mən insanı müdafiə edirəm, onun peşə fəaliyyətini yox. Bu ilin iyulunda məhkəmə Möhyəddin Orucovun işi üzrə hazırlıq iclası keçirdi. Onu iclas zalına əlləri arxadan qandallı vəziyyətdə gətirmişdilər. Hakim isə hazırlıq iclasını tez yekunlaşdırıb, işi baxışa vermək istəyirdi. Mən dedim ki, onun qollarını açın, iclas zalında qandalda olmaz. Hakim dedi ki, bu bizim səlahiyyətimizdə deyil, onu "konvoy" bilər. Daha sonra dedim ki, bizə ittiham aktı verilməyib, biz nəyi müzakirə edəcəyik?!".
Nazim Musayev deyir ki, elə bundan sonra hakim Rasim Sadıxov cinayət işi materiallarının arasından bir məktub çıxardıb ki, ittiham aktı onlara göndərilib. Hakimlə vəkil arasında ilk olaraq buna görə mübahisə yaranıb və ittiham aktı ilə tanış olmaları üçün işin baxışı təxirə salınıb.
"Sülh və Demokratiya İnstitutu"nun sənədlərindən məlum olur ki, Rasim Sadıxov ictimai-siyasi fəallara qarşı siyasi sifarişli hökmlər çıxaran hakim kimi tanınır. Belə ki, o, beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı Hikmət Ağayev, Elxan İsgədərov, Əbülfəz Bünyadov, Fuad Əhmədli, Leyla Yunus və Arif Yunus işləri üzrə qərarlar çıxarıb.
Vəkilin sözlərinə görə, iyulun 30-da növbəti məhkəmə prosesi olanda Möhyəddin Orucovu yenə zala qolu arxadan qandallı vəziyyətdə gətiriblər.
"Mən yenə vəsatət qaldırdım ki, onun qollarını açın. Qollarını arxadan açıb, qabaqdan bağladılar. Hakim yenə dedi ki, bu bizim səlahiyyətimizdə deyil, onu "konvoy" bilər. Belə olan halda mən onun nəzərinə çatdırdım ki, Avropa Məhkəməsinin bununla bağlı qərarları var ki, təqsirləndirilən şəxsin məhkəmə zalında qandalda saxlanılması işgəncə faktıdır. Yenə açmadılar.
Mən də məhkəmə təkibinə, sədrlik edən hakimə etiraz verdim. İki hakim sədrlik edən hakimin iştirakı olmadan müşavirəyə çıxdılar və gəldilər ki, etiraz təmin edilməsin. Dedillər Nazirlər Kabinetinin qərarı var ki, bu, "konvoy"un səlahiyyətindədir. Ancaq israrla istəsəm də, qərarın nömrəsini demədilər. Mən yenə Avropa Məhkəməsi nümunələrini xatırladanda həmin hakim yaxınlığında əyləşən prokurora üz tutub "belə vəkillərə cinayət işi açmaq lazımdır" dedi. Sonra digər hakim dedi ki, sən Avropa Məhkəməsinə istinad etməklə bizim məhkəməni nüfuzdan salırsan. Başladılar mənə hədə-qorxu gəlməyə".
Bu ilin aprelində ABŞ Konqressində bir qrup azərbaycanlı məmura sanksiya tətbiqi ilə bağlı təklif sənədi təqdim edilib. Siyahıda Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 hakiminin də adı olub.
Faiq Qəniyev |
Mirzə Xankişiyev |
İlham Mahmudov |
Eldar İsmayılov |
Cavid Hüseynov |
Samir Əliyev |
Azad Məcidov |
Zeynal Ağayev |
Səbuhi Hüseynov |
Əfqan Hacıyev |
Telman Hüseynov |
Əli Məmmədov |
Nazim Musayev deyir ki, təhdidlərdən sonra 5 dəqiqəlik fasilə istəyib və ərizə ilə bütün məhkəmə tərkibinə etiraz edib. Ancaq hakimlər müşavirəyə gedib, qayıdıblar və etirazı baxılmamış saxlayıblar.
"Belə olduğu zaman məhkəmə bu hakimlərlə davam edir. Mən başqa vəsatət verdim ki, bəzi qanunsuz sübutlar iş materialından çıxarılsın. Buna da münasibət bildirmədilər və işin baxışını 2 avqusta təyin etdilər. Həmin gün prokuror məhkəməyə gəlmədiyindən və hakimlər məzuniyyətə çıxdığından iş təxirə salındı sentyabrın 24-nə.
Mən də E-məhkəmə sistemindən növbəti vəsatət sənədi əlavə etdim. Bu onunla bağlı idi ki, hakimlər mənim tərkibə etirazımı sistemə yerləşdirsələr də, mətndə səbəbləri göstərməmişdilər. Hansı ki, mən hədə-qorxu gəlmələrilə bağlı səbəbləri də vəsatətimdə bildirmişdim. Mən də vəsatət verdim ki, əlyazmam əlavə olunsun, hər kəs görsün və səbəblər qərara daxil edilsin.
Avqustun 3-də isə məhkəmə sədri İsmayıl Xəlilova məktub ünvanladım ki, hakimlər təqsirləndirilən şəxsi qandalda saxlayırlar, mənə hədə-qorxu gəlirlər. Bununla bağlı vəsatət verirəm, sizə təqdim etmək əvəzinə özləri baxılmamış saxlayırlar. Xahiş edirəm, məhkəmənin audio-video yazılarına baxın, mənim məktubumda qeyd olunları nəzərə alın və qərar qəbul edin. İşə baxan hakimlərin tərkibini dəyişin.
İsmayıl Xəlilovdan heç bir cavab almadım. Sentyabrın 5-də gördüm ki, sədrə göndərdiyim ərizə də elektron məhkəmə sistemində yerləşdirilib".
Yerli hüquq müdafiəçilərinin hesabatına görə, Azərbaycanda 300-dən çox siyasi məhbus var. Müstəqil işlərə çıxan vəkil sayı isə olduqca azdır.
Vəkil deyir ki, sentyabrın 24-də məhkəməyə gələndə özünün də gözləmədiyi halda Möhyəddin Orucov məhkəmə tərkibinə etiraz verib ki, “vəkilimi təhdid etmisiniz və hesab edirəm ki, qərəzlisiniz, hüquqlarımı pozmaq istəyirsiniz”.
Bundan sonra məhkəmə müraciətin rəsmən hazırlanması və təqdim edilməsi üçün işi oktyabrın 15-nə qədər təxirə salıb. Sonra Möhyəddinin etirazı da baxılmamış saxlanıldı.
"Daha sonra mən vəsatət verdim ki, elektron məhkəmə sisteminə yerləşdirdiyim vəsatətlərə və etiraza münasibət bildirilsin. Rahim Sadıxovun həmin vəsatətlərdən xəbəri yox idi. Hakim elə ordaca elektron məhkəmə sistemindən sənədi tapıb başladı oxumağa. Gördü ki, orada yazmışam ki, Möhyəddiyini qolları qandalı vəziyyətdə "akvariumda" saxlayırlar. Elə bu sözü görən kimi bəhanə tapıblarmış kimi tez üstünə düşdülər ki, bu təhqirdir, niyə bu sözü işlətmisən? Tez müşavirəyə gedib qərar çıxardılar ki, vəkil barəsində Vəkillər Kollegiyasına şikayət verilsin. Bu müddətdə isə işə baxlması təxirə salınsın.
Bu "akvarium" sözünü 30 iyulda vəsatət və etiraz verəndə həmin ərizələrimdə də işlətmişdim. Niyəsə onda bu sözə əhəmiyyət verməyən məhkəmə heyəti bu dəfə yeni nəsə kəşf edibmiş kimi, sözü görəndə belə reaksiya verdi. Təbii ki, bu söz təhqir və alçaltma deyil, sadəcə bunlar bir bəhanə axtarırdılar ki, məni ən azı Möhyəddinin işindən kənarlaşdırsınlar".
"Məhkəmənin şüşə kabinəsini "akvarium" adlandırmaq təhqir deyil və heç kimin şərəfini, ləyaqətini alçaltmır"
“Müdafiə xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov deyir ki, hakimiyyətin hüquq siyasətinə məsul dairələri Azərbaycanda vəkillik institutunu sıradan çıxarır.
Onun sözlərinə görə, siyasi ağır işlər üzrə çox az sayda vəkillər qalıb ki, şərlənmiş təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etsinlər.
"Hazırda 300-dən çox siyasi məhbusun olduğu bir mühitdə 4-5 müdafiəçi tapmaq olar ki, istər ibtidai istintaqda, istərsə də məhkəmələrdə repressiya qurbanlarının hüquqlarını müdafiə etsinlər. Onlardan biri də Nazim Musayevdir. Nazim Musayev son dövrlərdə çəkinmədən, müstəqil və prinsipial şəkildə siyasi məhbusların hüquqlarını müdafiə edir.
Məhkəmənin şüşə kabinəsini "akvarium" adlandırmaq təhqir deyil və heç kimin şərəfini, ləyaqətini alçaltmır. Hakimlər o sözü bəhanə ediblər. Nazim Musayev tamamilə haqlı olaraq obrazlı formada situasiyanı ifadə edib. Burda heç bir hüquqi məsuliyyətin yaranmasına əsas yoxdur. Bu, hakimiyyətin Nazim Musayevin timsalında müstəqil vəkillərə qarşı növbəti repressiya aktı kimi qiymətləndirilməlidir. Bu addım onun siyasi işlərdən kənarlaşdırılmasına, ən azı çəkindirməyə hesablanıb. Amma düşünmürəm ki, kifayət qədər təcrübəli vəkil Nazim Musayev belə məsələlərə görə işini yarımçıq qoyacaq", - “Müdafiə xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib.