Məhkəmə sənədlərindən aydın olur ki, ictimai fəalın ölkədən çıxışına qadağa götürülsə də, o, sərhəddən buraxılmayıb, saxlanılması isə 9 saat sonra rəsmiləşdirilib
"Nicad şərləndiyini görəndə polisin qələm qutusundan kəsici ailəti götürüb, öz boğazını iki tərəfdən kəsib, boğazına 16 tikiş atılıb".
Bunu sentyabrın əvvəllərində Bakıda həbs olunan ictimai fəal Nicad İbrahimin həyat yoldaşı Pərvin İbrahim deyir. Hazırda Moldovada yaşayan Pərvin İbrahim bildirir ki, həyat yoldaşı Azərbaycan polisini tənqid etdiyi üçün şərlənərək həbs olunub.
Onun sözlərinə görə, Nicadın tutulması ilə nəticələnən hadisə sentyabrın 9-da Nəsimi rayon ərazisində baş verib. Ancaq buna qədər də onlar "şərləmə" əməliyyatı qurulacağını ehtimal edirmişlər.
"2022-ci ildə ölkədən çıxmaq istəmişdik, demişdilər ki, Daxili İşlər Nazirliyi (DİN) Nicad İbrahimin ölkədən çıxışına məhdudiyyət qoyub. Biz də məhkəməyə müraciət etdik bununla bağlı. Məhkəmə qərar çıxardı ki, ölkədən çıxışa qoyulan qadağa ləğv olunsun. Bununla bərabər biz Ombudsman Aparatının vasitəsilə DİN-dən arayış almışdıq ki, ölkədən çıxışımıza qadağa yoxdur. Biz bu sənədləri əsas götürüb bilet aldıq, sentyabrın 6-da ölkədən çıxanda dedilər sizin ölkədən çıxışınıza "stop" qoyulub.
Sənədləri göstərdik, dedilər ki, bu sənədləri istəyirsiniz atın zibil qutusuna, bizdə sistemdə çıxışınıza məhdudiyyət qoyulduğu görünür. Daha sonra Nicad DİN-in 102 xidmətilə əlaqə saxladı və 1 gün sonra oradan tövsiyə edildi ki, Prezident Administrasiyasına müraciət edilsin. Nicad da gedib qəbula yazıldı. Deyiblər ayın 19-u gəlin sizə kömək ediləcək, narahat olmayın. Bundan sonra 19-cu polis bölməsindən Nicada zənglər gəlirdi ki, sən kimin qəbulunda olacaqsan və şikayətin nədir? Tələb edirdilər ki, gəlib bölməyə izahat versin. Nicad da heç nə demirdi və getmirdi, düşünürdü ki, şərləyib tutacaqlar", - ictimai fəalın həyat yoldaşı danışır.
Pərvin İbrahim deyir ki, özü ölkədən çıxa bilib, həyat yoldaşı isə Bakıda qalıb. Bundan sonra hər şey elə ehtimal etdikləri kimi də olub, Nicad İbrahim həbs edilib.
"Elə o ərəfələrdə sürücülük vəsiqəsi üzrə "C" kateqoriyası almağa hazırlaşırdı. Sentyabrın 9-da sürücülük məktəbinin rəhbəri Nicada zəng elədi ki, sənədlərin hazırdır, gəl bizim evimizin yanından götür. Dediyi ünvan Nəsimi rayonunda yanacaqdoldurma məntəqələrinin birinin yanı idi. Nicad ora çatanda onunla əlaqəmiz kəsildi. Anası çıxıb baxmışdı ki, evimizin yaxınlığında da çoxlu polislər var və şübhələnmişdi.
Ondan sonra DİN-ə, müxtəlif polis bölmələrinə getdik, hamısı dedi ki, burada yoxdur, biz saxlamamışıq. Ayın 11-də Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polkovnik-leytenant Murad Quliyev vəkil Zibeydə Sadıqovaya zəng edib ki, Nicad tutulub və məhkəməyə çıxarılacaq. Məhkəmədə məlum olub ki, Nicada qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham irəli sürülüb", - deyə ictimai fəalın həyat yoldaşı bildirib.
Məhkəmə sənədlərindən aydın olur ki, Nicad İbrahim Nəsimi rayon ərazisində Bəhmən Əliyev adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur. Həbs qətimkan tədbirinin seçilməsilə bağlı qərarda "zərərçəkmiş" kimi təqdim olunan şəxs və hadisənin necə törədilməsilə bağlı aydın məlumatlar yoxdur.
"Abzas Media"nın nəzərdən keçirdiyi rəsmi sənədlərdən aydın olur ki, iş üzrə "zərərçəkmiş" hesab olunan şəxs Əliyev Bəhmən Bəhram oğludur. 41 yaşlı Bəhmən Sabunçu rayon "İkinci sahə" adlanan ərazidə qeydiyyatdadır. Onun səhər saatlarında Nəsimi rayon ərazisində Nicad İbrahimlə hansı məsələyə görə mübahisə etdiyi bildirilmir.
Nicad İbrahim isə məhkəmə çıxışında ittihamları təkzib edib və bildirib ki, sürücülük məktəbinin müəllimini gözləyəndə bir nəfər yaxınlaşıb və üzünə bir neçə yumruq vuraraq qaçıb. Daha sonra kənardan çox sayda polislər çıxıb və Nicadı yerə yıxaraq qandallayıb aparıblar.
"Polis İdarəsində ağır işgəncələr verdilər, yazım ki, bəli, vurmuşam. Amma dedim, öldürsəniz də yazmayacam və imza atmayacam", - deyə Nicad İbrahim bildirib.
İctimai fəalın xanımı Pərvin İbrahim deyir ki, hadisədən sonra yaxınları gedib, ərazidə işləyən adamlardan nə baş verdiyini soruşublar və məlum olub ki, polis bir neçə adamı bölməyə apararaq təzyiq göstərib:
"Şahidlər Nicadın yaxınlarına deyiblər ki, bir nəfər yıxılıb yerə qışqırırmış, polislər də şəklini çəkirmiş, sonra durub gediblər. Deyiblər, bizi də bölməyə apardılar və təzyiq etdilər, ifadə verək ki, Nicat həmin şəxsi bıçaqlayıb. Şahidlər deyib bunu".
Həbs qətimkan tədbirinin seçilməsilə bağlı qərarda göstərilir ki, hadisə 9 sentyabr səhər saat 11-də baş verib və Nicad İbrahim hadisə yerində tutulub. Ancaq 4 aylıq həbs qətimkan tədbirinin seçilməsilə bağlı hissədə qeyd olunub ki, həbs müddəti şəxsin tutulduğu andan, 9 sentyabr saat 20:30-dan hesablansın. Qanunvericiliyə görə, azadlığın faktiki məhdudlaşdırılması "tutulma" hesab olunur.
Nicad İbrahim iddia olunan "cinayət başında" tutulsa da, polislər bunu sənədləşdirmək üçün niyə 10 saata yaxın gözlədiklərini məhkəmədə izah etməyiblər.
Nəsimi rayon Məhkəməsinin hakimi Anar İbadzadə Nəsimi rayon prokurorunun köməkçisi Xanım Əşrəfovanın da iştirakı ilə Nəsimi rayon prokuroru, baş ədliyyə müşaviri Həsən Hənifəyevin suallar doğuran təqdimatını əsaslı hesab edib və Nicad İbrahim barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
“Abzas Media” məsələ ilə bağlı DİN-ə suallar ünvanlasa da, cavab ala bilməyib.
Nicad İbrahim bundan əvvəl də dəfələrlə müxtəlif ittihamlarla həbs olunub. O, sonuncu dəfə 2021-ci ildə karantin qaydalarını pozmaqda ittiham olunaraq 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.