Sovet geofiziki Aleksander Qorodnitzkinin yaşıl baryer adlandırdığı Bakı… Hazırda xəritədə bom-boz görünür.
Müstəqillik dövründən indiyədək paytaxtın yaşıllıqları 10 dəfəyədək azalıb. Bununla bağlı ən son həyəcan siqnalı ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevadan gəlib. O, iyunun 24-də Xankəndidə ekologiya mövzusunda çıxışında deyib ki, şəhərlərdə adambaşına düşən yaşıllıq norması 20-25 kvadratmetr olduğu halda, Bakıda 1 nəfərə 5 kvadrat metr yaşıllıq sahəsinin düşür.
Dövlət Şəhərsalma norma və qaydalarına görə, mikrorayonun və ya məhəllənin yaşıllaşdırma ərazisinin sahəsi orta hesabla adambaşına 6 kvadrat metrdən az olmamalıdır. Umayra Tağıyevanın dediklərindən isə belə çıxır ki, Bakıda adambaşına düşən yaşıllıq bu normalarda nəzərdə tutulandan da azdır. Bəs, qlobal istiləşməyə qarşı mübarizədə önəmli faktor rolunu oynayan yaşıllıqlar necə olub ki, bu qədər azalıb?