İctimai-siyasi şəxslərin Bakı həbsxanalarında aclıq etirazları genişlənir
“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayev aclıq aksiyasına başlayıb.
Bu barədə “Turan”a onun yaxınları məlumat verib. Bildirilir ki, fəal sentyabrın 28-dən aclıq edir.
"Elvinin başında və onurğasında ağrılar var idi. Onu sentyabrın 20-də müalicə müəssisəsinə göndərmişdilər. Orada isə Elvini normal müayinə, müalicə etmirdilər, digər məhbuslarla əlaqə yaratmağa imkan vermirdilər, vəkillə telefon danışıqlarına qadağa qoymuşdular. Sentyabrın 28-də onu yenidən cəzaçəkmə müəssisəsinə qaytarıblar. Etiraz əlaməti olaraq o, aclıq elan edib", - deyə fəalın yaxınlarından biri qeyd edib.
Bu il yanvarın 31-də Elvin Mustafayev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən il avqustun 1-də kuryerlərin etiraz aksiyasından sonra “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasında həbslər başlayıb.
İlk olaraq “İşçi Masası”nın sədri Afiəddin Məmmədov 30 sutka inzibati həbs cəzası alıb.
Avqustun 4-də Konfederasiyaya daxil olan Kuryer Birliyi Həmkarlar İttifaqının üzvü Elvin Mustafayev, avqustun 10-da “İşçi Masası”nın İdarə Heyətinin üzvü Ayxan İsrafilov narkotik ittihamı ilə həbs olunublar.
İnzibati həbsdən çıxan Afiəddin Məmmədov bir müddət sonra tanımadığı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunaraq yenidən saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.
Bundan sonra, hərəkatın digər üzvü Möhyəddin Orucov 2023-cü ilin oktyabrında inzibati pozuntuda ittiham olunaraq 30 sutka həbs olunub. Azadlığa çıxdıqdan qısa müddət sonra isə narkotiklərin dövriyəsində ittiham olunaraq həbs olunub.
Hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyıblar.