Avropa Parlamenti siyasi məhbuslarla bağlı Azərbaycan hökumətinə çağırış edib

Avropa Parlamenti siyasi məhbuslarla bağlı Azərbaycan hökumətinə çağırış edib Foto: European Parliament
24 Oktyabr 2024
Mətni dəyiş

Avropa Parlamenti oktyabrın 23-də Azərbaycanda insan haqları və beynəlxalq hüququn pozulmasına, eyni zamanda Ermənistanla münasibətlərə dair qətnamə qəbul edib

Qətnamənin lehinə 453 deputat, əleyhinə 31 deputat səs verib. 89 nəfər səsvermədə iştirak etməyib.

Parlamentarilərin qətnamə ilə bağlı birgə bəyanatında qeyd edilib ki, bu ilin noyabr ayında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 29-cu Konfransı - COP29 üçün məkan kimi Azərbaycanın paytaxtı Bakı şəhərinin seçilməsi bu ölkədə insan hüquqlarının vəziyyətinin pisləşməsi və beynəlxalq hüququn açıq şəkildə pozulması fonunda mübahisələrə səbəb olub.

Həmçinin bildirilib ki, bu hüquqların qorunmasına dair öhdəlik götürən ev sahibi ölkə əsas insan haqlarına hörmətlə yanaşmalı və vətəndaş cəmiyyətinin iştirakını təmin etməlidir. Buna baxmayaraq, Azərbaycan hökumətinin vətəndaş cəmiyyəti təşkilatlarına, fəallara, müxalif siyasətçilərə və müstəqil mediaya qarşı repressiyaları gücləndirdiyi, korrupsiyanın və məhkəmə müstəqilliyinin olmamasının idarəetməni daha da sarsıtdığı vurğulanıb.

Sənəddə qeyd edilib ki, vətəndaş cəmiyyəti təşkilatları Azərbaycanda Qubad İbadoğlu, Anar Məmmədli, Bəxtiyar Hacıyev, Tofiq Yaqublu, İlhamiz Quliyev, Əziz Orucov, Bəhruz Səmədov, Akif Qurbanov və bir çox başqaları da daxil olmaqla, 300-dən çox siyasi məhbusu siyahıya alıb, məhbusların qeyri-insani şəraitdə saxlanması, işgəncə görməsi və adekvat tibbi yardım ala bilməməsi kimi insan hüquqlarının pozulması ilə bağlı mötəbər hesabatlar tərtib ediblər.

Avropa Parlamentinin yaydığı sənəddə COP29 ərəfəsində Azərbaycan rejiminin fəallara, jurnalistlərə, müxalifət liderlərinə, həmçinin Aİ vətəndaşlarına qarşı nəzərəçarpacaq dərəcədə güclənən repressiyaları qətiyyətlə pislənilib.

Azərbaycan hökuməti siyasi baxışlarına görə qanunsuz həbs edilmiş və haqqında başqa qətimkan tədbiri seçilmiş bütün şəxsləri azad etməyə, bütün siyasi motivli ittihamları ləğv etməyə, həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda repressiyaların bütün formalarını dayandırmağa çağırılıb.

Bu kontekstdə ötən ilin yayından bu ilin avqustuna qədər həbs olunan müxalif siyasətçilər, vətəndaş cəmiyyəti fəalları, hüquq müdafiəçiləri və jurnalistlər - Tofiq Yaqublu, Akif Qurbanov, Bəxtiyar Hacıyev, Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Hafiz Babalı, Elnarə Qasımova, Əziz Orucov, Rüfət Muradlı, Əvəz Zeynallı, Ələsgər Məmmədli, İlhamiz Quliyev, Fərid İsmayılov, Anar Məmmədli, Fərid Mehralızadə, İqbal Əbilov, Bəhruz Səmədov, Emin İbrahimov və Famil Xəlilovun azadlığa buraxılmasına çağırış edilib.

Sənəddə ölkə daxilində yaradılan və vətəndaş cəmiyyətinin faktiki olaraq susdurulmasına səbəb olan qorxu mühitinin dərin narahatlıq  doğurduğu da vurğulanıb.

Eyni zamanda mətbuat və ifadə azadlığını təmin etmək, media qurumlarının işini məhdudlaşdırmamaq çağırışı edilib.

Parlamentarilərin birgə bəyanatında xüsusi qeyd edilib ki, Azərbaycanda davam edən insan haqları pozuntuları bu ölkənin COP29-un ev sahibi statusuna uyğun gəlmir. Bu kontekstdə Aİ liderlərinə çağırış olunur ki, COP29-dan yararlanaraq Azərbaycana beynəlxalq öhdəlikləri xatırladılsın.

Həmçinin Aİ-nin Azərbaycan qazından asılılığına son qoyması da tələblər arasında yer alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun