Araşdırmalar nəticəsində məlum olub ki, bir çox saxta sosial media hesabları Azərbaycanın COP29 iqlim sammitinə ev sahibliyini təbliğ etməklə məşğuldur
Hesabların çoxu iyuldan sonra yaradılıb. O zaman #COP29 və #COP29Azerbaijan heşteqlərindən istifadə edərək ən çox diqqət çəkən ilk 10 paylaşımın yeddisi Ermənistanla münaqişənin həllində Azərbaycanın əhəmiyyətini vurğulayırdı və #stopgreenwashgenocide kimi heşteqlərə yer verirdi. Sentyabrdan etibarən vəziyyət dəyişib və ən çox diqqət çəkən ilk 10 paylaşımın hamısı rəsmi COP29 Azərbaycan hesabından olan postları təkrar paylaşıb.
Araşdırmanı aparan “Global Witness” təşkilatından bildirilib ki, hökumətin paylaşımları izləyici kütləsini süni şəkildə artıraraq ölkənin iqlim böhranı və insan haqlarının pozulması ilə bağlı müstəqil tənqidləri susdurmaq məqsədi daşıyır.
Azərbaycan hökuməti noyabrın 11-də başlayacaq BMT-nin iqlim sammitinə ev sahibliyi edəcək. Bu sammitdə dövlətlər alimlərin xəbərdarlıq etdiyi iqlim böhranının ən dağıdıcı təsirlərinin qarşısını almaq üçün ənənəvi yanacaq növlərindən istifadənin təcili azaldılması barədə öhdəlik götürməyə çalışacaqlar.
Azərbaycan əhəmiyyətli həcmdə ənənəvi yanacaq ehtiyatlarına malikdir və yaxın onillikdə qaz hasilatını 50 faiz artırmaq niyyətindədir.
Son iqlim sammiti - COP28 də neft ölkəsi olan Birləşmiş Ərəb Əmirliklərində keçirilib. Həmin konfrans ərəfəsində saxta sosial media hesabları ordusu BƏƏ-ni təbliğ və müdafiə edirdi. Bir çox ölkənin istəyinə baxmayaraq, COP28-də ənənəvi yanacaq növlərindən istifadənin “tədricən dayandırılması” ilə bağlı razılıq əldə edilməyib və bunun əvəzinə daha zəif olan “ənənəvi yanacaq növlərindən uzaqlaşmağa keçid” yolu seçilib.
X hesabları Azərbaycan hökumətinin COP29 iqlim sammitinə ev sahibliyini dəstəkləmək məqsədilə məlumatlar paylaşırlar
Oktyabrın 1-də COP29 heşteqi ilə saxta X hesabları şəbəkəsindən göndərilən yazıların vaxtı
Ardıcıl yerləşdirmə hesabların bir şəxs tərəfindən idarə oluna biləcəyini göstərir
“The Guardian”ın qrafikası. Mənbə: Global Witness
“Azərbaycanın ilin ən mühüm iqlim tədbirinə ev sahibliyi etməyinə sayılı günlər qalıb”, – deyən “Global Witness” təşkilatının təmsilçisi Ava Li əlavə edib ki, “iqlimlə bağlı fövqəladə vəziyyəti aradan qaldırmaq üçün hökumətlərin atmalı olduğu addımlar barədə real müzakirələrin aparılmasına mütləq şəkildə yer ayrılmalıdır. Ancaq haqlı tənqidləri qeyri-səhih məlumatlar yayan sosial media hesablarının paylaşdığı allı-güllü pozitiv postlar əvəz edir”.
Li əlavə edib ki, bu hesabların onlayn müzakirələrə təsir göstərə bilməsi, xüsusən də X-in etimad və təhlükəsizlik komandalarının imkanlarının qəsdən azaldığı bir vaxta təsadüf etməsi narahatlıq doğurur.
“Biz X platformasını təcili olaraq bu vacib qlobal məqam ətrafında sağlam və həqiqi müzakirələrin inkişafına imkan yaratmağa çağırırıq”.
Azərbaycan Xarici İşlər Nazirliyi və COP29-un mətbuat xidməti “The Guardian”ın sorğularına cavab verməyib.
“Global Witness” araşdırmalar zamanı X platformasında 71 şübhəli hesab aşkar edib. Onlardan altısı istisna olmaqla, qalanları may ayından bəri, adətən qısa müddətlik yaradılıb. Hamısı təbiətlə əlaqəli, çiçək və ya ağac təsvirləri olan örtük və profil şəkilləri paylaşıb, bəzi hesablar isə tamamilə eyni şəkillərdən istifadə edib.
Sentyabr ayında bu hesabların paylaşımlarının yarısından çoxunda #COP29 və #COP29Azerbaijan heşteqlərindən istifadə olunub, retvitlərin 70%-i isə rəsmi Azərbaycan COP29 paylaşımlarından və ya Azərbaycanın hökumət, partiya və siyasətçi hesablarının digər rəsmi paylaşımlarından ibarət olub. Bu hesablar şəbəkənin bir hissəsidir və əksəriyyəti azı altı digər şübhəli hesaba bağlıdır.
İlk 16 hesabdan toplanan paylaşımların təhlili göstərib ki, 1 oktyabr tarixində bu hesablardan 12-si ardıcıl olaraq bir-birinin ardından paylaşım edib. Bu, hesablara bir şəxsin nəzarət etdiyini və onun hər bir hesaba növbə ilə daxil olduğunu göstərir. Bu dəlillər hesabların saxta olduğunu deməyə əsas verir. Buna baxmayaraq, bir neçəsinin orijinal olması ehtimalı da qalmaqdadır.
Digər 111 hesabın eyni şəkildə Azərbaycan COP29 rəsmilərinə dəstək üçün paylaşımlar etdiyi müəyyən edilib, lakin onlar təbiət mövzulu şəkillər paylaşmayıb.
Bu məqalə dərcə hazırlanan vaxt bəzi hesablar dondurulub və onların yerində “X qaydalarını pozan hesabları dayandırır” mesajı əks olunub. Digər hesablar isə “qeyri-adi fəaliyyət səbəbi ilə müvəqqəti məhdudlaşdırılıb”.
“Bu hesabatda qeyd olunan hesabların əksəriyyəti barədə tədbir görülüb. Bizim təhlükəsizliklə məşğul olan qruplarımız koordinasiya edilmiş qeyri-müəyyən davranışın qarşısını almaq üçün daim çalışır”, – deyə X-in sözçüsü bildirib.
Azərbaycanın bundan əvvəl də saxta hesablardan istifadə etmək təcrübəsi olub. Bu barədə “Facebook”un sahibi “Meta” 2022-ci ilin aprelində məlumat verib.
“Biz Azərbaycanın həm kiber casusluq, həm də koordinasiyalı saxta davranışlarla məşğul olan mürəkkəb şəbəkəsini sıradan çıxardıq. Bu şəbəkə əsasən Azərbaycan vətəndaşlarını, o cümlədən demokratiya fəallarını, müxalifəti, jurnalistləri və xaricdəki hökumət tənqidçilərini hədəf alırdı. Bu kampaniya geniş miqyasda, lakin aşağı səviyyədə mürəkkəbliklə həyata keçirilib və Azərbaycanın Daxili İşlər Nazirliyi tərəfindən idarə olunub”, – “Meta”dan bildirilib.
Məqalənin orijinal versiyası “The Guardian” nəşrində dərc olunub.