Azərbaycanda azad və ədalətli seçkilər, hakimiyyət bölgüsü, qanunverici orqanın icra hakimiyyəti qarşısında zəifliyi, məhkəmə hakimiyyətinin müstəqilliyi və insan hüquqlarına hörmətlə bağlı çox ciddi narahatlıqlar hələ də davam etdiyi vurğulanıb
Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsini tövsiyə edib.
“Amerikanın Səsi”nin məlumatına görə, Monitorinq Komitəsi 20 ildən artıq Avropa Şurasına üzv olmasına, bugünədək Azərbaycanda insan hüquqlarının vəziyyətinə qəbul edilmiş çoxsaylı qətnamələrə baxmayaraq, Azərbaycanın təşkilat qarşısında götürdüyü mühüm öhdəlikləri yerinə yetirməməsindən dərin narahatlığını bildirib.
Hesabatda Azərbaycanda azad və ədalətli seçkilər, hakimiyyət bölgüsü, qanunverici orqanın icra hakimiyyəti qarşısında zəifliyi, məhkəmə hakimiyyətinin müstəqilliyi və insan hüquqlarına hörmətlə bağlı çox ciddi narahatlıqlar hələ də davam etdiyi vurğulanıb.
Komitə həmçinin Azərbaycanın Assambleyanın monitorinq proseduruna zidd olaraq əməkdaşlıq etməməsi halları, o cümlədən 7 fevralda keçiriləcək seçkiləri müşahidə etmək üçün dəvətin göndərilməməsi və Azərbaycan üzrə həmməruzəçilərin siyasi motivlərlə həbs olunduğui iddia edilən şəxslərlə görüşünə imkan verilməməsi ilə bağlı təəssüfünü ifadə edib.
“Assambleya tərəfindən dəfələrlə məsələ qaldırılmasına baxmayaraq, Monitorinq Komitəsinin məruzəçilərinin siyasi motivlərlə həbs olunduğu iddia edilən şəxslərlə görüşlərinə icazə verilməməsi, əməkdaşlığın olmamasının bariz nümunəsidir”, hesabatda qeyd edilir.
Sənəddə Azərbaycanda son dönəmlərdə artan jurnalist həbsləri, media və ifadə, habelə toplaşma azadlığının məhdudlaşdırılması, vətəndaş cəmiyyətinə qarşı təzyiqlər, işgəncə və pis rəftar halları, Avropa Məhkəməsinin qərarlarının icra edilməməsi və digər bir sıra məsələlər vurğulanır.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov etimadnamənin qəbul edilməməsi üçün göstərilən səbəblərin əsassız olduğunu, Azərbaycana qarşı köklü və qərəzin bariz təzahürü olduğunu deyib.
“Nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtinası AŞPA-nın və ümumilikdə Avropa Şurasının nüfuzuna ciddi zərbə olacaq və onun ağır nəticələrinə görə məsuliyyət bu addımın təşəbbüskarlarının üzərinə düşür”, Səməd Seyidov qeyd edib.
AŞPA yanvarın 24-də bu hesabat ətrafında müzakirə apararaq Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməsi və ya edilməməsi ilə bağlı qərar verəcək. Assambleya Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini tamamilə və ya qismən məhdudlaşdıra bilər.
Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı təklifi bazar ertəsi AŞPA-nın qış sessiyasının ilk günündə Almaniyadan olan deputatı Frank Şvabe irəli sürüb. Onun təklifini AŞPA-nın ən az 30 üzvü dəstəkləyib