Müdafiə Nazirliyi yalnız hərbi obyektlərin vurulduğunu, mülki infrastrukturun hədəf alınmadığını bildirib
Azərbaycan Qarabağda "qanunsuz erməni silahlı birləşmələrinə qarşı antiterror əməliyyatı"na başladığını elan edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Buna səbəb kimi sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda mina partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) iki əməkdaşının, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularından isə dörd nəfərin həlak olması göstərilib.
Nazirlik bildirib ki, ərazidəki minaları Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları quraşdırıb.
"Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb”, - rəsmi məlumatda qeyd edilib.
MN açıqlayıb ki, əməliyyat erməni silahlı birləşmələrinin ərazidən çıxarılması, azad olunan torpaqlara köçürülmüş dinc sakinlərin və orada tikinti işlərinə cəlb olunan işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədini daşıyır.
Müdafiə Nazirliyi Qarabağda mülki əhali və infrastruktur obyektlərini hədəfə almadığını, yalnız hərbi hədəflərə hücum etdiyini bildirib.
Nazirlik keçirilən əməliyyat barədə Rusiya sülhməramlı kontingentinin komandanlığının və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyinin məlumatlandırıldığını qeyd edib.
Qarabağda tanınmamış “respublikanın rəsmiləri” Azərbaycanın iddialarını rədd edib və atəşkəs rejimini onların deyil, Azərbaycanın pozduğunu bildirib.
Ermənistan Müdafiə Nazirliyi açıqlama yayıb ki, onların Qarabağda silahlı qüvvələri yoxdur.