"Antiterror əməliyyatı”nın dayandırılması haqda razılıq əldə edildiyi bildirilir

"Antiterror əməliyyatı”nın dayandırılması haqda razılıq əldə edildiyi bildirilir Foto: Müdafiə Nazirliyi
20 Sentyabr 2023
Mətni dəyiş

Qarabağ ermənilərinin nümayəndələri ilə rəsmi Bakı arasında sentyabrın 21-də Yevlaxda görüş baş tutmalıdır


"Sentyabrın 21-də Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş keçiriləcək". Bu barədə Azərbaycan Prezidentinin Administrasiyası açıqlamasında bildirilib.

"Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək", - açıqlamada qeyd olunub.

Bundan az əvvəl isə Azərbaycanın Müdafiə Nazirliyinin “antiterror tədbirlərinin” dayandırılması ilə bağlı qarşı tərəflə razılıq əldə edildiyi haqda məlumatı yayılıb.

Bildirilib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da bir sıra şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.

İlk şərt olaraq Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması göstərilib. 

İrəli sürülmüş şərtlərə görə, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməli, qeyri-qanuni erməni silahlı dəstələri buraxılmalıdır. Bundan başqa, qeyd olunur ki, sadalanan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilməlidir.
 
Tərəflər arasında razılığın əldə edilməsinə dair məlumat erməni mənbələrində də yayılıb.

Qarabağdakı tanınmamış “hökumət" bəyanat yayaraq bildirib ki,  Azərbaycan sentyabrın 19-da başladığı əməliyyat nəticəsində döyüş mövqelərini yarıb və bir sıra strateji yüksəklikləri, qovşaqları nəzarətə götürüb. 

"Hazırkı vəziyyətdə beynəlxalq ictimaiyyətin müharibənin dayandırılması və vəziyyətin həlli istiqamətində fəaliyyəti kifayət deyil. Bütün bunları nəzərə alan "Artsax Respublikasının" hakimiyyəti Rusiya sülhməramlı missiyasının komandanlığının atəşkəslə bağlı təklifini qəbul edir”,- bəyanatda deyilir.

Sentyabrın 19-da gecə Daxili İşlər Naziliyinin 4, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin isə 2 əməkdaşı Qarabağda minaya düşərək həlak olub. Bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin başlatdığı cinayət işində isə hər iki hadisə “terror aktı” kimi təsnif edilib.

Rəsmi məlumata görə, Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrində əvvəlcə AAYDA-nın iki əməkdaşının - Fərhad Quliyev və Samir Sadıxovun olduğu avtomobil minaya düşüb və onlar həlak olublar.

Daha sonra polis əməkdaşları həmin əraziyə gəldikləri zaman onların da avtomobili minaya düşüb. 

Bundan sonra Müdafiə Nazirliyi rəsmi məlumat yayaraq bildirib ki, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli “antiterror” tədbirlərinə başlanılıb.

Qarabağda tanınmamış “respublikanın rəsmiləri” Azərbaycanın iddialarını rədd edib və atəşkəs rejimini onların deyil, Azərbaycanın pozduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun