Rəsmi Bakı Qarabağa yüklərin ancaq Azərbaycan ərazisindən daşınmasında israrlıdır

Rəsmi Bakı Qarabağa yüklərin ancaq Azərbaycan ərazisindən daşınmasında israrlıdır Foto: Report
31 Avqust 2023
Mətni dəyiş

Fransanın göndərdiyi növbəti humanitar yardım karvanı Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb


Azərbaycan Qarabağın Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi hissəsinə Fransanın göndərdiyi növbəti humanitar yardım karvanının girişini əngəlləyib. Rəsmi Bakı həmin bölgəyə öz karvanını göndərməyə çalışır.

Çərşənbə günü Paris bələdiyyəsi və bir sıra humanitar təşkilatlar tərəfindən on yük maşınından ibarət karvan Qarabağa göndərilib. Karvan iyulun sonu və avqustun əvvəlində Ermənistan və Fransanın əvvəllər göndərdiyi, Ermənistan-Azərbaycan sərhədindəki Laçın keçid məntəqəsinə yaxın ərazidə saxlanılan digər karvanlara qoşulub. 

Son karvanı Parisin meri Ann Hidalqo müşayiət edib. O, Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yol olan Laçın dəhlizindəki Azərbaycan nəzarət-buraxılış məntəqəsində onların girişinə icazə verilmədiyini bildirib.

“Burada, Laçın dəhlizində biz humanitar yardımın Artsaxa (Qarabağa - red.) çatdırılmamasının şahidi oluruq. Bu, insan hüquqlarının tamamilə pozulmasıdır. 10 humanitar yardım maşınımızın qarşısı kəsilib”, - Hidalqo yazıb.

“Humanitar böhran göz önündədir. Bu təcilidir”, - o əlavə edib.

Çərşənbə axşamı Fransanın xarici işlər naziri Katrin Kolonna yüklərin buraxılmamasını "əxlaqsızlıq" adlandırıb və bildirib ki, məqsəd "ermənilərin Dağlıq Qarabağdan kütləvi şəkildə köçürülməsinə təhrik etməkdir".

Eyni gün Fransa prezidenti Emmanuel Makron ilə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub və bu söhbət zamanı Əliyev Yerevan və Xankəndini Qarabağa humanitar yardımın çatdırılmasının qarşısını almaq üçün “süni maneələr yaratmaqda” ittiham edib.

Əliyev onları Ağdam vasitəsilə Azərbaycandan yardım almağa razı olmadıqlarına görə tənqid edib və Laçın dəhlizinin yalnız Ağdam-Xankəndi yolunun açılmasından sonra açılacağını bildirib.

İstər Ermənistan, istərsə də Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi hissəsindəki mövcud rejim Azərbaycan ərazilərindən humanitar yardım göndərilməsi ilə bağlı rəsmi Bakının təkliflərini rədd edir.

Bir sıra Qərb ölkələri və Aİ Azərbaycanın təklifini alqışlayır. Aİ-nin ali komissarı Cosep Borrell isə Ağdam-Xankəndi yolunun Laçın dəhlizinə “alternativ” ola bilməyəcəyini açıqlayıb.

Ötən ilin dekabr ayından özlərini “ekoaktivist” adlandıran bir qrup azərbaycanlı Laçın yolunu bağlamışdı. Aksiyalar bu ilin aprelinə qədər davam etdi və Laçın yolunda Azərbaycanın sərhəd keçid-məntəqəsi yaratması ilə başa çatdı. İyunun ortalarından isə Azərbaycan Ermənistandan Qarabağa silah-sursat daşınmasını əsas gətirərək Ermənistan ərazisindən gələn bütün yüklərə qadağa qoydu. Rəsmi Bakı Qarabağın erməni əhalisini lazım olan ərzaq və digər mallarla təchiz etməyə hazır olduğunu bildirir. 

Çərşənbə axşamı Bakı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vasitəçiliyi ilə Ağdam vasitəsilə Qarabağa 40 ton humanitar yardım göndərdiyini bildirib.

Həmin gün Azərbaycan karvanı Əsgəranın arxasındakı təmas xəttində Rusiya sülhməramlılarının nəzarət-buraxılış məntəqəsinə çatıb. Çərşənbə günü günortadan sonra Azərbaycan mediası elan edib ki, konvoy yüklərin Qarabağa keçidini asanlaşdırmaq üçün sülhməramlı missiya gözləyir.

Əsgəranda yaşayan ermənilər Azərbaycan konvoyunun gəlişinə etiraz olaraq toplaşıblar. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri və etiraz edən ermənilər təmas xəttinin hər iki tərəfində çadırlar qurublar.

Azərbaycan mətbuatı keçid məntəqəsində yerləşmiş Rusiya sülhməramlılarının Azərbaycan karvanının irəliləməsinin qarşısını almaq üçün maneələr qurduğunu yazıb.

Qarabağ erməniləri Azərbaycanın humanitar yardım təklifini rədd edib və tanınmamış respubikanın parlament spikeri David İşxanyan Xankəndinin “o yolu bağlı saxlamaq” qərarına gəldiyini deyib.

Bu həftənin əvvəlində tanınmamış “prezident” Arayik Arutyunyan da Xankəndinin humanitar yardımı yalnız Laçın dəhlizi ilə qəbul edəcəyini vurğulayıb.

Bu gün isə Ermənistanın Armenpress dövlət agentliyi Arayik Arutyunyanın sentyabrın 1-dən etibarən istefaya gedəcəyini bəyan etdiyi haqda məlumat yayıb.

Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun