Gülağa Aslanlı: “Müsavat Partiyasını qeydiyyata almamaq hakimiyyət üçün böyük riskdir”
Avqustun 16-da ölkə başçısı İlham Əliyevin İnzibati Xətalar Məcəlləsinə (İXM) edilən dəyişiklikləri təsdiqləməsilə dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərən partiyalarla bağlı hüquqi məsuliyyətlər müəyyənləşib.
Yeni dəyişikliklərlə, “Siyasi partiyalar haqqında” Qanunun müxtəlif istiqamətlər üzrə pozulmasına görə, 100 manatdan 15000 manatadək cərimələr nəzərdə tutulub. İyul ayından etibarən, Ədliyyə Nazirliyi üzvlərinin siyahısını təqdim edən REAL partiyasının, Müsavatın, AXCP-nin və digər bir sıra partiyaların sənədlərində çatışmazlıq olduğunu əsas gətirərək, müraciətlərini geri qaytarıb.
Bəs görəsən, partiyalar yenidən müraciət üçün hazırdırlarmı? Nazirlik partiyaları qeydə almaqdan imtina etsə, sonrakı addımlar nə olacaq?
“Partiyanın üzvlərinin sayı onminlərlədir”
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyir ki, hazırda hakimiyyətin nöqsan hesab etdiyi məsələlər araşdırılır, yeni müraciət üçün işlər davam etdirilir.
Onun sözlərinə görə, işləri yekunlaşdırıb, avqustun 17-də yenidən Ədliyyə Nazirliyinə müraciət edəcəklər:
“Ədliyyə Nazirliyi hansısa partiyanın fəaliyyətini birbaşa ləğv edə bilməz, bunun üçün məhkəməyə müraciət etməlidir. Bizim əlimizdə kifayət qədər sənədlər var və istənilən məhkəmədə sübut edə bilərik ki, partiyanın üzvlərinin sayı onminlərlədir və biz kifayət qədər üzvün sayını təqdim etməyə hazırıq.
Müsavat Partiyasını Sovet hökuməti ləğv edə bilməyib. 1932-33-cü illərə qədər Azərbaycanda, sonra Türkiyədə fəaliyyət göstərib. Sonra yenidən Bakıya qayıdıb.
Müsavat Partiyasını qeydiyyata almamaq hakimiyyət üçün böyük riskdir. Yox əgər qərar veriblərsə ki, Azərbaycanda bir partiya qalmalıdır. Onda biz hüquqi addımlarımızı davam etdirəcəyik”.
“Biz ölkənin yenidən "sovetləşdirilməsinə" imkan vermək fikrində deyilik”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəyasət heyətinin üzvü Asif Yusifli deyir ki, nazirliyin imtina cavabından sonra partiyada işçi qrupu yaradılıb, qərəzli və qərəzsiz iradlar aradan qaldırılıb.
Onun sözlərinə görə, 2-3 gün ərzində yenilənmiş siyahı Ədliyyə Nazirliyinə təqdim ediləcək:
“Əgər ikinci dəfə də qəbul etməsələr, artıq bu, hakimiyyətin açıq-aşkar Stalinçi-Brejnyevçi təkpartiyalı sistemə qayıtmaq cəhdi olacaq. Təbii ki, biz ölkənin yenidən "sovetləşdirilməsinə" imkan vermək fikrində deyilik. Həm hüquqi müstəvidə, həm də meydanlarda ölkənin keçmişə qaytarılmasına, demokratiyanın son işartılarının məhv edilməsinə müqavimət göstərəcəyik. Bütün müstəvilərdə sübut edəcəyik ki, hakimiyyət qərəzlidir, etdiyi əməl qanunsuzdur.
AXCP-ni qeydə almamaq ölkəni müxalifətsiz qoymaq istiqamətində ümidsiz çırpıntıdır. Belə çırpıntıları, baş tutmayan arzuları çox görmüşük. Amma bu bizim əqidəmizi dəyişə bilməz.
Azərbaycanda azad, demokratik və ədalətli cəmiyyət qurulana qədər mübarizə davam edəcək. Xalq Cəbhəsi də həmişə onun ön sıralarında olacaq”.
Respublikaçı Alternativ (REAL) Partiyasının ofisindən Abzas Media-ya bildirilib ki, hazırda ofisdə suallarımızı cavablandıracaq heç kim yoxdur.
“Partiyalar öz legitimliklərini Ədliyyə Nazirliyindən almırlar, xalqdan alırlar”
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli deyir ki, Ədliyyə Nazirliyinin apardığı bu proses, partiyalarla bağlı yeni qanundan sonra yaranan situasiya ilə bağlıdır.
Onun sözlərinə görə, partiyaların reyestri ilə bağlı aydın və işlək mexanizmlər mövcud deyil:
“Partiyaların təqdim etdikləri üzvlərin siyahısının yoxlanılması, onlarla bağlı qiymətləndirmənin aparılması aşkarlıq şəraitində baş tutmur. Buna görə də, istər-istəməz prosesin gedişi ilə bağlı şübhələr yaranır. Ortada qeyri-müəyyən situasiya olduğu üçün bir söz demək çətindir. Əgər yenidən imtina olarsa və partiyaların qeydiyyatının ləğvi üçün məhkəməyə müraciət olarsa, bu çox radikal qərar olar və o deməkdir ki, partiyaların sayını azaltmağa çalışırlar. Mənə elə gəlir ki, partiyaları belə yolla sıxışdırıb səhnədən çıxarmaq çətin olacaq. Çünki hökumətin bu qərarı verməsi heç də o demək deyil ki, ölkədə siyasi qrupların sayı azalacaq. Bu partiyalar öz legitimliklərini Ədliyyə Nazirliyindən almırlar, xalqdan alırlar. Partiyaları qeydə almamaq, ən pis halda onları gələcəkdə seçkilərdə iştirakdan məhrum edə bilər. Ancaq bu hadisənin özü də gələcəkdəki seçkilərin ədalətliliyini şübhə altına alacaq”.
2023-cü il yanvarın 11-dən etibarən Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə minib. Qanunla partiyanın dövlət qeydiyyatına alınması üçün yeni tələblər müəyyənləşib. Belə ki, dövlət qeydiyyatı üçün partiyanın azı 5000 üzvü olmalıdır. Partiyalar müraciətlərində bu üzvlərlə bağlı anket məlumatlarını da Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.
Qanunun tətbiqindən sonra əvvəlki illərdə qeydə alınmış 59 siyasi partiyadan 31-i fəaliyyətini dayandırıb.
Müxalif siyasi partiyalar və bir sıra beynəlxalq təşkilatlar “Siyasi partiyalar haqqında” yeni qanunun demokratik olmadığını və ölkədəki rəqabət mühitinə mənfi təsir etdiyini bildirib.