Mərkəzi Bankın baş direktoru Ziya Əliyev: "Vətəndaşlar 10-11 il işləməklə ev sahibi ola bilər"

Mərkəzi Bankın baş direktoru Ziya Əliyev: "Vətəndaşlar 10-11 il işləməklə ev sahibi ola bilər"
19 İyun 2023
Mətni dəyiş

İqtisadçı: “Hazırki bazar qiymətilə nəinki şəhər mərkəzində, heç şəhərətrafı olan ərazilərdə də orta səviyyəli ev almaq çətindir”

Mərkəzi Bankın (AMB) baş direktoru Ziya Əliyev REAL TV-yə müsahibəsində bildirib ki,  ekspertlərin qiymətləndirmələrinə görə, Azərbaycanda bir mənzilin orta qiyməti orta statistik ölkə vətəndaşının 10-11 illik gəlirinə bərabərdir.

AMB rəsmisinin açıqlamaları Azərbaycanda ev almağın 10-11 ilə əlçatan olması ilə bağlı təəssürat yaratsa da, deyilənlərin həm əhalinin gəlirləri, həm də danışmaz əmlakın bazar qiymətləri baxımından nə qədər real olması mübahisəlidir.

İqtisadçı ekspert Fərid Mehralızadə Abzas Media-ya bildirib ki, hazırki ev qiymətləri ilə vətəndaşlar 10-11 ilə evə ala bilməz:

“Azərbaycanda əmək münasibətlərinin əksər halda leqal olmaması, kölgə iqtisadiyyatının böyük olması əhalinin gəlirlərinin nə qədər olmasını mübahisəli edir. Azərbaycanda iqtisadi fəal olan 5 milyon 300 min əhalinin cəmi 30 faizi, 1 milyon 700 min nəfəri maaşla işləyir. İşləyənlərin 40 faizi də minimum əməkhaqqı alır. Ortaq aylıq əməkhaqqı 900 manat ətrafındadır. Bu rəqəmlə hesablasaq belə 11 illik gəlir 120 min manata bərabər olur. Düşünürəm ki, evlərin hazırki bazar qiymətilə nəinki şəhər mərkəzində, heç şəhərətrafı olan ərazilərdə də orta səviyyəli ev almaq çətindir. Daşınmaz əmlaklarla bağlı portallardan da görünür ki, 3 otaqlı bir ev almaq üçün minimum 150 min manat lazımdır. 120 min manat bəlkə şəhərkənarı yerlərdən ev almaq üçün yetərli ola bilər”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun