Muharrem İnce namizədliyini geri götürdü: “Dövlət mənim etibarımı qoruya bilmədi”

Muharrem İnce namizədliyini geri götürdü: “Dövlət mənim etibarımı qoruya bilmədi” Foto: Gazete Duvar
11 May 2023
Mətni dəyiş

Türkiyədə prezident seçkilərinə üç gün qalmış namizədlərdən biri, “Məmləkət Partiyası”nın sədri Muharrem İnce namizədliyini geri çəkdiyini açıqlayıb.

Bu barədə M.İnce özü mətbuat konfransında açıqlama verib.

“45 gündə gördüklərimi son 45 ildə görməmişdim. Saxta sənədlər, olmayan bacanaqlar, videolar, fotolar… Bunların hamısını FETO-çular edir.

Belə bir böhtan dalğasını Cümhuriyyət tarixi ərzində heç bir siyasətçi görməyib. Bütün bunlar baş verərkən bu ölkənin prokurorları hər şeyi görməzliyə vurdu. “Şəxsi həyatın toxunulmazlığı”deyə yazanlar FETO-cuların ortaqlarıdır. Mənim elə bir səs yazım, videom yoxdur. Bu şəxsi həyat deyil, böhtandır, həqiqət deyil.

Türkiyə Cümhuriyyəti mənim etibarımı qoruya bilmədi. Açıq-aydın böhtandır. Prokurorlar haradadır?

"Hər şeyim ortadadır. Məndən başqa mülkünü açıqlayan heç kim yoxdur. Bir yandan FETO-çular, bir yandan PKK-çılar hücum edir. Hər gün bir iftira atılır. Bazar günü səsvermə olacaq. “Məmləkət Partiyası” mütləq Məclisdə olmalıdır. Atatürkçülərin o Məclisdə olması mütləqdir” - M.İncə çıxışında deyib.

Ötən gün sosial mediada Muharrem İnceyə aid olduğu iddia edilən şəxsi görüntülər yayılıb.

Bundan sonra İncenin mitinqləri təxirə salındı, partiyanın açıqlamasında bunun onun səhhəti ilə bağlı olduğu bildirildi.

Muharrem İncenin açıqlamasından bir neçə saat əvvəl yayılan görüntülərlə bağlı “şantaj, təhdid və sənəd saxtakarlığı” ittihamı ilə araşdırma başladıldığı bildirilib.

Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Türkiyənin hazırkı prezidenti Recep Tayyip Erdoğanın əsas rəqibi “Altılı masa”nın vahid namizədi Kemal Kılıçdaroğludur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun