Azərbaycan rəsmiləri Türkiyədəki seçkilərə müdaxilə edir?

Azərbaycan rəsmiləri Türkiyədəki seçkilərə müdaxilə edir? Foto: sabah.com.tr
26 May 2023
Mətni dəyiş

Türkiyənin Bolu Böyükşəhər Bələdiyyə başçısı Tanju Özcan: "Cənab İlham Əliyev, xahiş edirəm, Türkiyədəki seçkilərə müdaxilə etməyin"

Prezident İlham Əliyev və digər rəsmi şəxslər Türkiyədəki seçkilərə müdaxilədə ittiham olunur. Bu ittihamla Türkiyə mediası və siyasətçiləri çıxış edirlər.

Türkiyədəki prezident seçkilərinə namizədlər açıqlandıqdan sonra Azərbaycanın hökumətyönlü mediası ardıcıl olaraq hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən, müxalif namizəd Kamal Kılıçdaroğlunu tənqid edən məqalələr dərc etməyə başlayıb.

Müxalif namizəd Kamal Kılıçdaroğlunun təklif etdiyi “İpək yolu” ilə bağlı xəritədən sonra ona qarşı kampaniya daha da genişlənib. Kılıçdaroğlunn təklif etdiyi layihənin Azərbaycandan yox, İrandan keçməsi prezident İlham Əliyevin də reaksiyasına səbəb olub.

Əliyev mayın 10-da Şuşada verdiyi açıqlamada “İpək yolu” ilə bağlı layihəyə eyham vuraraq deyib:  “Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinə dair çox böyük və mötəbər beynəlxalq konfrans keçirilmişdi. Məhz o illərdə bu gün “Orta Dəhliz” dediyimiz layihənin bünövrəsi qoyuldu – Avropa-Qafqaz-Asiya. Yəni, bu dəhlizin Azərbaycan ərazisindən keçməsi o illərdə şərtləndirildi. Halbuki bəziləri bunu istəmirdilər. Əfsuslar olsun, bu gün də elələri var ki, Azərbaycanı bu strateji layihədən kənarda qoymaq istəyirlər, amma onların arzuları gözlərində qalacaq”.

Daha sonra, azərbaycanlı millət vəkilləri Kılıçdaroğlunu tənqid edərək onu Azərbaycanı regional layihələrdən kənar tutmaqda ittiham ediblər. Türkiyənin İğdır bölgəsinə səfər edən millət vəkili, parlamentin spikeri Adil Əliyev hazırkı prezident Ərdoğana dəstək ifadə edib.

Türkiyənin Bolu Böyükşəhər Bələdiyyə başçısı Tanju Özcan İlham Əliyevdən Türkiyədəki seçkilərə müdaxilə etməməsini xahiş edib: “Sizin etdiyiniz işin düzgün olmadığını xatırlatmaq istəyirəm. Bu hərəkətlərin Türkiyədəki Atatürk millətçilərini hədsiz dərəcədə üzdüyünü bildirmək istəyirəm. Seçkilərə qarışmadığınızı Türkiyə və dünya ictimaiyyətinə bildirin!"- bələdiyyə başçısı bildirib.

Prezidentliyə namizəd Kamal Kılıçdaroğlu da məsələyə münasibət bildirərək deyib ki, prezident seçiləcəyi təqdirdə Azərbaycanla Türkiyə arasındakı münasibətlər eyni qaydada qalacaq.

Seçkiləri “müstəqil” müşahidəçi qismində izləyəcək millət vəkilləri də müxtəlif dövrlərdə Türkiyənin indiki prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən fikirlər səsləndiriblər. Məsələn, aprelin 23-də Azərbaycan parlamentinin nümayəndə heyəti Türkiyənin İzmir şəhərində valiliyi ziyarət ediblər. Ziyarət zamanı nümayəndə heyətinin rəhbəri Əhliman Əmiraslanov Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək çağırışı edib: “İnanıram ki, Türkiyə xalqı düzgün seçim edərək son illərdə qazanılan möhtəşəm uğurların davamına səs verəcək. Hər bir azərbaycanlı istəyir ki, bu seçkilərin qalibi hazırkı prezident Rəcəb Tayyib Ərdoğan olsun. Çünki onun rəhbərliyi altında Türkiyə inkişaf edib, güclü və qüdrətli dövlətə çevrilib. Əminəm ki, qardaş ölkənin xalqı seçkilərdə Türkiyəni güclü edən və uğurlu gələcəyə aparan lider Rəcəb Tayyib Ərdoğana öz dəstəyini ifadə edəcək”.

Siyasi psixoloq Samirə Qasımlı Abzas Media-ya deyir ki, bir ölkənin prezidentinin və rəsmilərinin başqa ölkədəki seçkilərə bu şəkildə müdaxiləsi siyasi etikadan uzaqdır.

Onun sözlərinə görə, bu, avtoritar ölkələrə xas olan davranışdır.

“Biz İlham Əliyev başda olmaqla Azərbaycan rəsmilərinin müşahidədən daha irəli, müdaxilə səviyyəsində ritorikalarını və davranışlarını görürük. Bunu Türkiyədə də görürlər. Türkiyə mediası, siyasətçiləri, ekspertləri bundan danışırlar, etiraz edirlər. Məsələn, türkiyəli bloger Nevşin Mengünün verlişində belə bir məlumat səsləndirilmişdi ki, İlham Əliyev seçkilərdəki digər namizəd Sinan Oğana zəng etdikdən sonra onun Ərdoğanla görüşü olub və nəticədə Ərdoğanı dəstəkləyib. Avtoritarlar hər zaman bir-birlərini dəstəkləyirlər, çünki onlar özlərini siyasi məsuliyyətdən və hesabatlılıqdan azad ediblər. Digər bir məsələ də odur ki, avtoritar rejimlər bir-birlərinə dayaq olurlar və yaxud da onları dəstəkləyən digər avtoritar rejimlərin hakimiyyətdə qalmasında maraqlıdırlar. Biz Azərbaycan hakimiyyətinin ritorikasında bu marağı və narahatlılığı görürük”.

Seçki eksperti Bəşir Süleymanlı deyir ki, Azərbaycan mediasında Ərdoğanın təbliğat kampaniyası aparılır.

Onun sözlərinə görə, bu, başqa dövlətin daxili işinə qarışmaqdır:

“Türkiyə nə qədər də Azərbaycana yaxın, qardaşı dövlət olsa da, bir dövlətin başqa dövlətdəki seçkilərdə kiminsə xeyrinə təbliğat aparması beynəlxalq seçki qiymətləndirmə sistemində doğru hesab olunmur. Ola bilər ki, sadə vətəndaşlar bunu edir, amma dövlət rəsmiləri bu prosesdə birtərəfliliyi qorumalıdır. Gələcəkdə həmin şəxs yox, başqası seçilə bilər, belə olan halda həmin dövlətin rəsmiləri pis vəziyyətdə qala bilərlər, dövlətlərarası münasibətlərdə soyuqluq yaranar, hətta daha pis münasibətlərə səbəb ola bilər. Ona görə də arzuolunan odur ki, dövlətlər seçki prosesinə müdaxilə edib, hansısa şəxsin xeyrinə təbliğat aparmasınlar”.

B. Süleymanlı bildirir ki, parlamentdən müşahidəçi kimi seçkilərə qatılan millət vəkillərinin çıxışlarında namizədlərdən birini dəstəkləməsi halında onların verəcəyi rəy mötəbər sayılmır.

“Müşahidəçilərin seçki kampaniyası dövründə müxalifətdə və ya iqtidarda olan şəxslərin leyhinə-əleyhinə təbliğat aparması xoş qəbul olumur. Təsəvvür edin ki, eyni qaydada müxalifətdə olan namizədin xeyrinə kampaniya aparılsaydı, necə qəbul olunardı? Bu, əvvəlki dövrlərdə bizə qarşı da olub. Həm MDB, həm də TÜRKPA müşahidəçiləri hər zaman birmənalı olaraq hakimiyyətdə olan  şəxsin kampaniyalarına qoşulurlar, onun təbliğatında iştirak edirlər. Ona görə də heç vaxt həmin qurumların rəyləri mötəbər qəbul olunmur”.

Azərbaycan rəsmiləri ittihamlara cavab verməyiblər.

Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Nəticələrə görə, “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,54 faiz, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 44,85 faiz səs toplayıb. Namizədlər 50 faizdən yuxarı səs toplamadığı üçün seçkilər ikinci tura qalıb. İkinci tur mayın 28-də keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun