Ailə 13 yaşlı qızını nişanlayıb, Komitə uşağı ailədən almağa çalışır

Ailə 13 yaşlı qızını nişanlayıb, Komitə uşağı ailədən almağa çalışır Foto: qafqazinfo
16 May 2023
Mətni dəyiş

Azyaşlının anasının hazırda polis bölməsində olduğu bildirilir

Bakıda 37 yaşlı kişinin 13 yaşlı qız ilə nişan mərasimlərindən görüntülər yayılıb.

Azyaşlı “Xəzər Tv”-ə müsahibəsində deyib ki, evlənmək istəmir, nişan ailəsinin təklifi ilə baş tutub. 

"Məktəbə getməyə qoymadılar. 3-cü sinifdən məktəbdən çıxmışam. Nişanlanmaq, evlənmək istəmirəm. Oxumaq istəyirəm"- azyaşlı bildirib. 

Uşağın anası Tünzalə Məmmədova isə deyib ki, qızını nikah yaşına çatanda evləndirəcək. 

“Mənim yoldaşım bu gün, sabah türmədən çıxacaq. İçəridən də xəbər göndərib ki, səni öldürəcəm. Anam da qoca arvaddır. Məni öldürsə, uşağımın arxasında kim duracaq? Mən də bilirəm ki, cinayət məsuliyyəti daşıyıram. Kim uşağını 12 yaşında evləndirər?!”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanov Abzas Media-ya bildirib ki, onlar digər dövlət qurumları ilə birlikdə sözügedən ailə ilə görüşüblər: “İlkin olaraq gördüyümüz odur ki, nişan məcburi olub. Məcburetmədən söhbət gedirsə, burada cinayət əməli var. Hazırda ehtimal onun evliliyin qarşısı alınıb, danışıqlar aparılır ki, uşaq ailədən götürülsün, təhsil və  digər zəruri məsələlərlə bağlı addımlar atılsın. Hazırda ailə polis şöbəsindədir”.

Sabunçu Rayon İcra Hakimiyyətinin qəyyumluq şöbəsindən bildirilib ki, onların da əməkdaşları hazırda ailə ilə görüşürlər və araşdırmalardan sonra daha ətraflı məlumat verə biləcəklər. Daxili İşlər Nazirliyi isə zənglərimizə cavab verməyib.

Cinayət Məcəlləsinin 176-1.1-ci maddəsində qeyd olunur ki, qadını nikaha daxil olmağa məcburetməyə görə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 il müddətinə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə şəxs 3 min manatdan 4 min manatadək cərimə və ya dörd ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Ailə Məcəlləsinin 10-cu maddəsində qeyd olunur ki, nikaha ancaq 18 yaşına çatmış şəxslər daxil ola bilər. Eyni maddənin 2-ci bəndində qeyd olunur ki, üzürlü səbəblər olduqda, nikah yaşı 1 il azaldıla bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun