"Sərhədlərin bağlı saxlanılması təhlükəsizlik məsələsidir, pandemiya deyil"

"Sərhədlərin bağlı saxlanılması təhlükəsizlik məsələsidir, pandemiya deyil" Foto: sputnik.az
27 Aprel 2023
Mətni dəyiş

İnfeksionist-hepatoloq: “Tibbi baxımdan deyə bilərəm ki, sərhədlərin açılması hansısa təhlükə yarada bilməz".

Baş nazir Əli Əsədovun qərarı ilə ölkədə karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb.

Karantin müddətinin uzadılması ilə bərabər ölkənin quru sərhədləri də bağlı qalıb. Baş nazir qərarını koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə əsaslandırıb.

Bəs görəsən, quru sərhədlərin bağlı qalmasının əsas səbəbi nədir və bu, nə qədər davam edəcək?

İnfeksionist-hepatoloq Mərdan Əliyev Abzas Media-ya deyir ki, hazırda pandemiyanın müəyyən təsirləri olsa da, təhlükəsi yoxdur.

Onun sözlərinə görə, artıq ölkə əhalisində kollektiv immunitet tam formalaşıb:

“İnsanlar yoluxub sağalmaqla immunitet əldə ediblər, həm də peyvənd olunublar. Yəni, əhalinin hər bir fərdi virusla bu və ya digər formada təmasda olub. Buna görə də virusun bizim üçün bir təhlükəsi qalmır”.

İnfeksionist deyir ki, quru sərhədlərin açılması koronovirusa yoluxmaqla bağlı təhlükəli vəziyyət yarada bilməz:

“Tibbi baxımdan deyə bilərəm ki, sərhədlərin açılması hansısa təhlükə yarada bilməz. Çünki qonşu ölkələrdə də pandemiya ilə bağlı vəziyyət təxminən bizim kimidir. Quru sərhədlər açılsa, daha çox qonşu ölkələrdən əhali qrupları gələcək, onun bir problemi yoxdur. Onsuz da hava yolları açıqdır, kim necə istəyir gəlir”.

İqtisadçı Fərid Mehralızadə deyir ki, quru sərhədlərin bağlı qalması bu ərazilərə yaxın yaşayan insanların həyatını daha da çətinləşdirib.

“Sərhəd bölgəsində yaşayan insanların Bir qismi qonşuluqdakı ölkələrə keçib, günlük istifadə etdikləri məhsulları daha ucuz qiymətə alırdılar. Bir qismi də oralardan alıb gətirib Azərbaycanda satırdı. Bu da kiçik də olsa məşğulluğu təmin edirdi. O bölgələrdə olan taksi sürücüləri də var idi ki, insanlar sərhəddə onların da xidmətindən istifadə edirdilər. Onlar da işlərini itirmiş oldular. Məncə, sərhədlərin bağlı qalmasının, xüsusilə də aztəminatlı əhali qrupları arasında ziyanları daha çoxdur”.

Ekspert deyir ki, “Azərbaycan Hava Yolları” QSC tarixində ilk dəfə ötən ili zərərsiz başa vurub, ancaq yenə də ciddi gəlirdən söhbət getmir.  O, AZAL-ın qazancı üçün sərhədlərin bağlı saxlanılması fikri ilə razı deyil.

Millət vəkili Aqil Abbas deyir ki, sərhədlərin hələ də bağlı qalması pandemiya ilə əlaqəli deyil.

Onun sözlərinə görə, bu, təhlükəsizlik məsələsidir:

“Sərhədlərin açılması təhlükə yarada bilər. Hər halda sərhədləri bağlı saxlayan hökumət məndən də, sizdən də yaxşı bilir ki, nələr var. Bir tərəfdə Ukrayna-Rusiya müharibəsi və oradan qaçanlar, bir tərəfdən İranla olan məsələlər... Bu, təhlükəsizlik məsələsidir, pandemiya deyil. Karantin müddəti iyunda bitir, amma irəli də çəkə bilərlər. Bu, Rusiya-Ukrayna müharibəsinə də bağlıdır”.

Nazirlər Kabinetilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilməyib.

Karantin rejimi 2020-ci ildən Covid-19 pandemiyası səbəbindən tətbiq olunur. Azərbaycanda ilk koronavirusa yoluxma halı 2020-ci ilin 28 fevralında qeydə alınıb. Martın 24-dən etibarən isə xüsusi karantin rejimi tətbiq edilməyə başlayıb.

Azərbaycan 3 ildir quru sərhədlərini bağlı saxlayır.

Bu ilin aprelin 19-da isə karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun