Son 4 gündə 400 inanclı şəxsin həbs olunduğu bildirilir

Son 4 gündə 400 inanclı şəxsin həbs olunduğu bildirilir Foto: Turan İA/Arxiv foto
3 Aprel 2023
Mətni dəyiş

“Cəsus damğası vuraraq artıq sayları yüzləri ötən inanclıların reperessiyası üçüncü dövlətin sifarişindən başqa bir şeyi sərgiləmir”- Müsəlman Birliyi Hərəkatının mətbuat katibi Əbülfəz Bünyadov Abzas Media-ya deyir ki, son hadisələrlə bağlı hərəkatın 14 üzvü həbs olunub.

Həbs olunanların siyahısında Elvin Quliyev,  İsmayıl İsmayılov, Tural Vəliyev, Bəhruz Quliyev, Cavid Allahverdiyev, Şamil Abdul Ali, Elçin Zeynalov, Nicat Ağayev, Alik Aslanov,  Fədail Şükürlü, Yasin Əhmədov, İlyas Qasımov, Kamil Mahmudov, Elxan İsmayılovun adları var. Son bir neçə gündə həbs olunan hərəkat üzvləri Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik vasitələri saxlama, daşıma, satma) ilə ittiham olunurlar.

"Bu həbslərin səbəbinin təkcə İranla gərginləşən münasibətlər olduğunu düşünmürük. Fazil Mustafaya sui-qəsdlə bağlı saxlanılanlarını hər birinin “şiə inanclısı” olaraq qeyd edilməsi bu işin arxasında anti-şiə maraqlarının da gizlənməsi şübhəsini ortaya qoyur. Əks halda din dövlətdən ayrı olduğu halda nə zamandan saxlanılan şəxslərin inancı mövzu olaraq qeyd olunur? Kimlərinsə İrana səfərləri sıralanırsa, 44 günlük müharibə zamanı şəhid olan, bu gün şərəflə qazilik adını daşıyan bir çox qeyrətli vətən oğullarının tərcümeyi halında da İran, İmam Rza ziyarəti var. Ancaq bu onların vətənpərvərlik ruhunu nəinki azaltmadı və azaltmır, əksinə artırır da" – deyə Əbülfəz Bünyadov bildirib.

“Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov isə Abzas Media-ya bildirib ki, son günlər saxlanılan dindarların sayı dəqiq bilinməsə də, təşkilata daxil olan məlumata görə, 400 nəfər saxlanılıb. Onların əksəriyyəti narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunurlar:

“Bu həbslər Azərbaycan-İran münasibətlərinin böhran halına gəlməsi ilə bağlıdır. Xeyli həddə qanunsuz təqiblər, əsassız saxlanmalar, casusluqla bağlı bir dəlil olmadıqda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham etmə halları da təəssüf ki, var”.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev isə ittihamları rədd edib:

“Kimlər saxlanılıbsa, onların da adı açıqlanıb. 400 nəfərin saxlanılması doğru məlumat deyil və kimlərinsə şəxsi mülahizələridir”.

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra iki ölkə arasında münasibətlər pisləşib. İran tərəfi hadisənin şəxsi zəmində baş verdiyini açıqlasa da, Azərbaycan hökuməti bunu inandırıcı saymayıb. Ardınca 28 martda deputat Fazil Mustafaya evinin qarşısında silahlı hücum olub. O, ayağından və çiynindən güllə yarası alaraq xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanları bu şəxslərin İrana ardıcıl səfər etdiklərini vurğulayıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun