Hesablama Palatası Naxçıvanda 18,7 milyon manatın tendersiz xərcləndiyini aşkarlayıb

Hesablama Palatası Naxçıvanda 18,7 milyon manatın tendersiz xərcləndiyini aşkarlayıb Foto: Sosial media
12 Aprel 2023
Mətni dəyiş

"Vəfat etmiş işçi üçün ödənilən birdəfəlik müavinət düzgün hesablanmayıb"

Hesablama Palatasının Naxçıvan üzrə baş idarəsi kənar dövlət maliyyə nəzarəti yoxlamaları çərçivəsində bır sıra obyektlərdə pozuntular aşkarlayıb.

Aparılan yoxlamalar zamanı məlum olub ki, bir sırıa qurumlarda dövlət proqramları və müvafiq layihələr icra edilən zaman büdcə layihələri düzgün tərtib edilməyib.

“Obyektlər tərəfindən proqnozlaşdırma aparılarkən, əvvəlki illərin göstəriciləri nəzərə alınmayıb, təlabat düzgün müəyyənləşdirilməyib və smeta sənədləri əsassız artımlarla tərtib edilib. İllik smeta sənədlərində istifadə edilməmiş vəsaitlər azaldılaraq ehtiyat fonda yönəldirilib”- hesabatda bildirilir.

Qeyd olunub ki, auditlər zamanı 10 obyekt üzrə Vahid Büdcə Təsnifatı ilə müəyyən edilmiş istiqamətlərə riayət olunmadan 54 min manat istifadə edilib. Araşdırmalarda məlum olub ki, əməkhaqqıların ödənilməsilə bağlı da uyğunsuzluqlar olub.

“Əmək məzuniyyətindən geri qayıdan işçi ilə hesablaşmalar və vəfat etmiş işçi üçün ödənilən birdəfəlik müavinət və işdən azad olunan işçilərə son haqq-hesab düzgün hesablanmayıb. Bundan başqa,  ixtisas dərəcəsinin verilməsi zamanı staj nəzərə alınmayıb, bəzi hallarda əməkdaşların vəzifəyə təyin olunması zamanı ixtisasa dair tələblər gözlənilməyib, kənardan cəlb olunmuş işçilərlə xidməti müqavilə düzgün bağlanılmayıb. Qeyd edilən nöqsanlar nəticəsində auditin əhatə etdiyi dövrdə 13,5 min manat artıq və 4,2 min manat əskik ödəmələrin həyata keçirildiyi müəyyən edilib. 5 obyekt üzrə 2017-2022-ci illərdə 18,7 mln. manatın istifadəsi zamanı “Dövlət satınalmaları haqqında” qanun tələbləri nəzərə alınmayıb”.

26 il Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olan Vasif Talıbov 21 dekabr 2022-ci ildə vəzifəsindən istefa verib. O, istefasını sağlamlığındakı problemlərlə əlaqələndirib. Bundan sonra prezident İlham Əliyev Fuad Nəcəflini Naxçıvana səlahiyyətli nümayəndə təyin edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun