3 dövlət qurumu 3 saylı Uşaq Evində yoxlama aparır

3 dövlət qurumu 3 saylı Uşaq Evində yoxlama aparır Foto: mehriban-eliyeva.az/arxiv
5 Aprel 2023
Mətni dəyiş

Uşaq Evinin əməkdaşı: “Qəflətən gəlirlər və yoxlamanın neçə gün davam edəcəyi bilinmir”

3 saylı Uşaq Evində yaşayan 17 yaşlı M.H-nın təminatla bağlı şikayətindən sonra, uşaq evində yoxlamalar başlayıb.

Bu barədə məlumatı Abzas Media-ya 3 saylı Uşaq Evinin əməkdaşı İlahə İmanova verib.

İmanova deyib ki, hələ də monitorinq keçirirlər, hər şey yoxlanılır:

“Qida Təhlükəsizliyi Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən gəlmişdilər. Həm ümumi baxış keçirirlər, həm uşaqlarla danışırlar, həm mətbəxlə maraqlanırlar. Qəflətən gəlirlər və yoxlamaların neçə gün davam edəcəyini bilmirik. Sonuncu dəfə heç bir ay olmaz Ombudsman Aparatı uşaq evində yoxlama aparıb. Mütəmadi olaraq növbəli, növbədənkənar gəlib yoxlamalar aparırlar”.

3 saylı Uşaq Evində yaşayan M.H. buradakı problemlərlə bağlı videoaçıqlama yayıb. O bildirib ki, Uşaq Evində normalara uyğun qidalanmırlar, gələn ərzağın əsas hissəsi onlara verilmir. Uşaq Evinin rəhbəri Məhbubə Hüseynova isə iddiaları rədd edib.

Xətai rayonunda yerləşən 3 saylı Uşaq Evi ilə bağlı bundan əvvəl də mətbuatda problemlər səsləndirilib. 2021-ci ildə Uşaq Evində ərzaq, yataq dəstləri ilə bağlı təminatın bərbad vəziyyətdə olmasına dair görüntülər yayılıb. Bundan sonra rəsmi qurumlar Uşaq Evində yoxlamalar aparıb və pozuntu hallarına görə müəssisə rəhbəri Məhbubə Hüseynovaya töhmət verilib.

Bundan sonra 2022-ci ildə 3 saylı Uşaq Evində tərbiyəçi köməkçisi işləyən Gülcan Nağıyeva görüntülər yayaraq bildirib ki, Məhbubə Hüseynova Qurban bayramı ilə əlaqədar Uşaq Evinə gətirilən qurbanlıq ət və heyvanları sürücüsü vasitəsilə satıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun