Nazirlik İranın Azərbaycana qarşı təhdidlər səsləndirdiyini və təxribatlara yol verdiyini açıqlayıb
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) deputat Fazil Mustafaya qarşı silahlı hücumu "terror" adlandırıb və istintaqın ilkin izlərinin İrana dəlalət etdiyini bildirib.
Qurumun mətbuat katibi Ayxan Hacızadə İran XİN-in mətbuat katibi Nasir Kənaninin iddialarını şərh edərkən qeyd edib:
“Xarici işlər naziri Ceyhun Bayramov İsrail xarici işlər naziri ilə mətbuat brifinqi zamanı İrana qarşı hər hansı bir mövqe səsləndirməyib. Bu xüsusda, İran Xarici İşlər Nazirliyi tərəfindən verilən bu açıqlamanı növbəti anti-Azərbaycan addım kimi qiymətləndiririk. Bildiririk ki, Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib".
XİN sözçüsü əlavə edib ki, son zamanlar İran Azərbaycana qarşı təhdidlər səsləndirir və təxribatlara yol verir:
"Bunlara misal olaraq, Azərbaycanın sərhədləri boyu İran tərəfindən hərbi təlimlərin keçirilməsini, sərhəd üzərindən hərbi uçuşların həyata keçirilməsini, İranın vəzifəli şəxsləri tərəfindən anti-Azərbaycan bəyanatlarının verilməsini, SEPAH kimi İranın təhlükəsizlik strukturları tərəfindən hətta uşaqları cəlb etməklə və Xudafərin körpüsünün yanında Azərbaycan əleyhinə təhdid dolu videoçarxların çəkilməsi və nümayişini, Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu, Milli Məclisin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izlərinin İrana dəlalət etməsini qeyd etmək olar".
Nazirliyin sözçüsü bildirib ki, Nasir Kənaninin açıqlaması Azərbaycan-İran münasibətlərinin böhran vəziyyətinə salınmasında növbəti addımdır.
Bundan əvvəl, İran Xarici İşlər Nazirliyi Twitter hesabında paylaşdığı yazıda İranın İsrailin xarici işlər nazirinin bəyanatından narahat olduğu qeyd edilib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani israilli nazirin açıqlamalarına görə, Azərbaycan rəsmilərinin izahat verməsini istəyib:
“İsrailin xarici işlər naziri Eli Koen azərbaycanlı həmkarı Ceyhun Bayramovla mətbuat konfransında verdiyi bəyanat bizi narahat edir.
İsrail Azərbaycan ərazisini “İranın milli təhlükəsizliyi üçün təhlükəyə çevirmək” istəyir.
İran “sionist” rejimin ona qarşı planına biganə qala bilməz”, – deyə XİN sözcüsü bildirib.
İsrailin xarici işlər naziri Elo Kohen azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşdə bildirib ki, İsrail və Azərbaycan İran tərəfdən təhlükəni eyni cür qəbul edir.
“İran rejimi hər iki ölkənin yerləşdiyi regionları, maliyyə imkanlarını, turizmi təhdid edir və bütün Yaxın Şərqdə sabitliyi pozur. İranın nüvə potensialını inkişaf etdirməsinin qarşısını almaq üçün birlikdə hərəkət etməliyik. Bunun üçün həm siyasi, iqtisadi alətlərdən istifadə etmək, həm də etibarlı və güclü hərbi qüvvələr formalaşdırmaq lazımdır” - İsrailin XİN başçısı bildirib.