Məmurların geri qaytarılan əmlakları ilə bağlı prokurorluq protest verə bilər

Məmurların geri qaytarılan əmlakları ilə bağlı prokurorluq protest verə bilər
1 Mart 2023
Mətni dəyiş

Baş prokuror Kamran Əliyev həbs edilən məmurların müsadirə edilmiş əmlaklarının geri qaytarılmasına münasibət bildirib. K.Əliyev REAL TV-yə müsahibəsində deyib ki, bu məsələlərlə bağlı prokurorluğun protest verməsi nəzərdən keçirilir.

Bəs görəsən, hansı məmurların əmlaklarının üzərindən həbs götürülüb?

İlk dəfə 2017-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının həbs edilmiş  sabiq rəhbəri  Vidadi Zeynalovun əmlaklarının üzərinə qoyulmuş həbs götürülüb. İstintaq dövründə Vidadi Zeynalovun yaxınlarına aid ümumilikdə  67 əmlaka həbs qoyulmuşdu. Zeynalov dövlətə vurduğu zərəri ödədikdən sonra, 2009-cu ilə qədər əldə edilmiş ümumi dəyəri 43 milyon manatdan çox olan əmlakı geri qaytarılıb. 

2022-ci ilin fevralında Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevin əmlakları üzərinə qoyulmuş həbs götürülüb. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə cinayət işinə bəraətverici əsaslarla xitam verildikdən sonra, onun ümumilikdə 615 min manatlıq əmlakının üzərindən həbs götürülüb. 

2022-ci ilin avqustunda Kürdəmirin keçmiş icra başçısı Ceyhun Cəfərovun əmlakları üzərinə qoyulmuş həbs də götürülüb. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə onun yaxınlarına məxsus 3 yaşayış evi, 8 torpaq sahəsi üzərindən həbs götürülüb. 

2022-ci ilin yanvarında külli miqdarda yeyinti ittihamı ilə həbs edilən, ev dustaqlığına buraxıldıqdan bir neçə gün sonra vəfat edən "Azərxalça" ASC-nin sabiq sədri Vidadi Muradovun işində Dövlət Vergi Xidmətindən verilmiş 641 min manat məbləğində mülki iddianın ödənilməsindən sonra mərhumun Yasamal rayonunda yerləşən mənzilinin üzərinə qoyulmuş həbs götürülüb. 

2022-ci ilin oktyabrın 4-də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyevin ailə üzvlərinə məxsus bir neçə əmlak üzərindən həbs götürülüb. Geri qaytarılan əmlakların ümumi dəyəri 2 milyon manatdır. 

2022-ci ilin noyabrında Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun da yaxınlarına aid əmlaklar geri qaytarılıb. Ali Məhkəmənin qərarı ilə Həsənovun ailə üzvlərinə məxsus 4 daşınmaz əmlak və 2 torpaq sahəsinin üzərindən həbs götürülüb. 

2023-cü ilin fevralında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) general-mayoru Sübahir Qurbanovun müsadirə olunan əmlaklarının bir hissəsi geri qaytarılıb. Ali Məhkəmənin qərarı ilə onun yaxınlarına məxsus 3 daşınmaz əmlakın və 3 torpaq sahəsinin üzərindən həbs götürülüb. 

2022-ci ilin dekabrında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı müsadirə olunmuş əmlakları geri qaytarılıb. 30 milyon manata yaxın qiymətləndirilmiş əmlaklar rəsmi sənədlərdə Akif Çovdarovun ailə üzvlərinə məxsusdur.

2023-cü ilin yanvarında "Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun evinin üzərinə qoyulmuş həbs qərarı ləğv edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova belə qənaətə gəlib ki, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən ev cinayət yolu ilə əldə edilməyib, buna görə həbs qərarı əsassızdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun