Putin Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların qanunsuz deportasiyası və Rusiyaya köçürülməsində şübhəli bilinir
Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putini Ukraynada müharibə cinayəti törətməkdə ittiham edərək onun həbs olunmasına qərar verib.
Haaqa Məhkəməsi cümə günü verdiyi açıqlamada bildirib ki, qərar Putinin Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların qanunsuz deportasiyası və Rusiyaya köçürülməsində şübhəli bilinməsi ilə əlaqədar verilib.
“Cənab Putinin yuxarıda qeyd olunan cinayətlərə görə fərdi cinayət məsuliyyəti daşıdığına inanmaq üçün ağlabatan əsaslar var”, - deyə məhkəmənin açıqlamasında qeyd olunub.
Məhkəmə eyni zamanda Rusiyada uşaq hüquqları üzrə müvəkkil Mariya Alekseyevna Lvova-Belovanın da analoji ittihamlarla həbsi üçün qərar verib.
Ötən ilin fevralında Ukraynaya qarşı müharibə elan edən Rusiya orada cinayət törətdiyini inkar edərək məhkəmənin yurisdiksiyasını tanımır və vətəndaşlarını ekstradisiya etmir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məhkəmənin açıqlamasından sonra özünün Telegram kanalında deyib: “Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının ölkəmiz üçün, o cümlədən hüquqi baxımdan heç bir mənası yoxdur. Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statunun tərəfi deyil və ona görə heç bir öhdəlik daşımır”.
Ukraynanın Baş prokuroru Andrey Kostin məhkəmənin qərarını alqışlayıb:
“Dünya Rusiya rejiminin cinayətkar olduğu və onun rəhbərliyinin, əlaltılarının məsuliyyətə cəlb olunacağına dair siqnal aldı.Bu, Ukrayna və bütün beynəlxalq hüquq sistemi üçün tarixi qərardır” - o, sosial media hesabından etdiyi açıqlamada bildirib.