Almaniyadan deport edildikdən sonra həbs edilən fəala işgəncə verildiyi deyilir

Almaniyadan deport edildikdən sonra həbs edilən fəala işgəncə verildiyi deyilir Foto: sosial media
27 Mart 2023
Mətni dəyiş

 “Onu Kürdəxanı təcridxanasında görən məhbuslar var, deyirlər ki, dəhşətli işgəncə görüb”

2022-ci ildə Almaniyadan deport edildikdən sonra həbs edilən Emin Məlikovun həyatına təhlükə yarandığı bildirilir.

Bu barədə Almaniyada yaşayan jurnalist Əfqan Muxtarlı öz Facebook hesabında yazıb. O qeyd edib ki, Emin Məlikov deport edildikdən sonra narkotik ittihamı ilə həbs edilib.

Onun sözlərinə görə, Məlikov saxlanılan zaman işgəncələrə məruz qalıb və bu səbəbdən səhətində problem yaranıb:

“13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır, ölüm ayağındadır. O saxlanılanda bizə məlumat ötürülmüşdü ki, sərbəst buraxılıb, məlum olub ki, ötən müddət DTX-da saxlanılıb. Onu Kürdəxanı təcridxanasında  (oxu: 1 saylı Bakı İstintaq Təcridxanası) görən məhbuslar var, deyirlər ki, dəhşətli işgəncə görüb və təcridxanada təkadamlıq kamerada saxlanılıb”.

Penitensiar Xidmətin mətbuat katibliyindən Abzas Media-ya bildirilib ki, Emin Məlikovun saxlanılma şəraiti ilə bağlı heç bir probem yoxdur:

"Qanunvericiliklə nəzərdə tutulmuş qaydada digər məhkumlar necə saxlanılırsa, o da o cür saxlanılır"- mətbuat xidmətindən bildirilib. 

Amma Penitensiar Xidmət E.Məlikovun hazırda harada saxlanılması ilə bağlı sualı cavablandırmayıb.

Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsilə əlaqə saxlamaq mümkün olmayıb.

Son illər Almaniyadan deport edilən siyasi fəalların bir neçəsi ölkəyə gətirildikdən sonra həbs olunub. Adətən həbs olunanlara narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı verilir.

 Azərbaycanla Avropa İttifaqı arasında readmissiya haqqında saziş 2014-cü ildə qüvvəyə minib.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü Azər Allahverənov BBC-yə deyib ki, 2014-2022-ci illər ərzində 2020 nəfərin readmissiyası həyata keçirilib, onların da böyük əksəriyyəti Almaniyadan olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun