Dağıntılar altında qalan insanların axtarışı davam edir
Türkiyənin cənub-şərqində və Suriyanın şimalında güclü zəlzələ olub. Türkiyədə səhər saatlarında baş verən zəlzələnin episentri Kahramanmaraş olub. 7 şəhərdə güclü dağıntılara səbəb olan zəlzələ 7,4 bal gücündə olub.
Türkiyənin Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, zəlzələ nəticəsində ümumilikdə 2824 bina dağılıb ki, onun da nəticəsində 1498 nəfər həyatını itirib, 8533 nəfər isə yaralanıb. Hazırda dağıntılar altında qalan insanların xilas edilməsi prosesi davam edir.
2200 il əvvəl inşa edilmiş Qaziantep qalası da zəlzələ nəticəsində tamamilə dağılıb.
Türkiyənin qonşuluğunda yerləşən Suriyada isə zəlzələ nəticəsində 810 nəfər həlak olub, 1280 nəfər yaralanıb.
Suriyanın dövlət xəbər agentliyi SANA-nın məlumatına görə, hökumətin nəzarətində olan ərazilərdə, əsasən Hələb, Həma, Latakiya və Tartus bölgələrində 430 nəfər ölüb. Rəsmi olaraq Suriya Mülki Müdafiəsi kimi tanınan “Ağ Dəbilqəlilər” qruplaşması müxalifətin nəzarətində olan ərazilərdə 380 nəfərin öldüyünü bildirib.
Suriyanın şimal-qərbinin çox hissəsi 2011-ci ildə başlayan vətəndaş müharibəsi fonunda hökumət əleyhinə qüvvələrin nəzarətinə keçib.