Şəxsi həyata aid məlumatların məxfi qalması nəyə görə vacibdir?

Şəxsi həyata aid məlumatların məxfi qalması nəyə görə vacibdir? danielsolove.com
27 Fevral 2023
Mətni dəyiş

Zaman-zaman ictimai fəalların, jurnalistlərin, siyasətçilərin şəxsi yazışmaları, intim həyatları sosial mediada paylaşılır. Beynəlxalq hüquq və Azərbaycan Konstitusiyasına görə də şəxsi həyat toxunulmazdır. Gizliliyin pozulmasına görə cərimə, ictimai iş, islah işləri və azadlığın məhdudlaşdırılması ilə bağlı cəza tədbirləri seçilə bilər. Bəs şəxsi məlumatların məxfi qalması nəyə görə vacibdir?

Corc Vaşinqton Universitetinin Hüquq Məktəbinin professoru Daniel Justin Solove məxfiliyin niyə vacib olması ilə bağlı 10 səbəbi açıqlayıb. Məxfilik hüququ üzrə dünyanın aparıcı ekspertlərindən biri olan Solovevun məqaləsini sizə təqdim edirik.

Məxfilik niyə vacibdir? Çox vaxt məhkəmələr və şərhçilər məxfiliyin nə üçün dəyərli olduğunu izah etməkdə çətinlik çəkirlər. Onlar məxfilik pozuntularını tez-tez kiçik bir problem kimi görürlər. Ancaq məxfiliyin əhəmiyyəti bundan daha çoxdur. Məxfiliyin vacib olmasının 10 səbəbi aşağıdakılardır:

1. Gücün məhdudlaşdırılması

Məxfilik hökumətin, eləcə də özəl sektor şirkətlərinin səlahiyyətlərinin məhdudlaşdırılmasıdır. Kimsə bizim haqqımızda nə qədər çox bilsə, bir o qədər bizim üzərimizdə güc sahibi ola bilər. Şəxsi məlumatlar həyatımızda çox vacib qərarlar qəbul etmək üçün istifadə olunur. Şəxsi məlumatlar nüfuzumuza, qərarlarımıza təsir göstərmək üçün işlədilə bilər. O, beləliklə bizə nəzarət etmək üçün bir vasitəyə çevrilir. Səhv əllərə düşdükdə isə, şəxsi məlumatlar bizə böyük zərər vermək üçün istifadə edilə bilər.

2. Fərdlərə hörmət

Məxfilik fərdlərə hörmətlə bağlıdır. İnsanın bir şeyi gizli saxlamaq üçün ağlabatan istəyi varsa, bunun üçün ciddi səbəb olmadan həmin şəxsin istəklərinə məhəl qoymamaq hörmətsizlikdir. Əlbəttə ki, məxfilik istəyi bəzi vacib dəyərlərlə ziddiyyət təşkil edə bilər, ona görə də məxfilik həmişə qalib gəlməyə bilər. Bəzən insanların məxfilik istəkləri, bunun zərərinin əhəmiyyətsiz olduğu fikrinə görə nəzərə alınmır. Bu, böyük bir xəsarətə səbəb olmasa belə, həmin şəxsə hörmətsizlik nümayiş etdirir. Bu, əksər hallarda o mənaya gəlir ki: “Mən öz maraqlarıma əhəmiyyət verirəm, amma sizin maraqlarınız mənə maraqlı deyil”.

3. Reputasiyanın idarə edilməsi

Məxfilik insanlara öz reputasiyalarını idarə etməyə imkan verir. Başqalarının bizim haqqımızda olan fikiləri imkanlarımıza, dostlarımıza və ümumi rifahımıza təsir edir. Reputasiyamıza tam nəzarət edə bilməsək də, nüfuzumuzu haqsız yerə zədələnməkdən qorumaq üçün müəyyən bacarıqlara malik olmalıyıq. Reputasiyanın qorunması təkcə yalandan deyil, bəzi həqiqətlərdən də qorunmaqdan asılıdır. İnsanların həyatı ilə bağlı şəxsi təfərrüatları bilmək mütləq o demək deyil ki, insanlar haqqında daha dəqiq mühakimə yürüdə bilərik. İnsanlar pis mühakimə edirlər, tələsik mühakimə edirlər, kontekstdən kənar mühakimə edirlər, bütün hekayəni eşitmədən mühakimə edirlər və ikiüzlülüklə mühakimə edirlər. Məxfilik insanlara özlərini bu problemli qərəzlərdən qorumağa kömək edir.

4. Müvafiq Sosial Sərhədlərin Saxlanması

İnsanlar cəmiyyətdə başqaları ilə sərhədlər qoyurlar. Bu sərhədlər həm fiziki, həm də informasiya xarakterlidir. Rahat nəfəs almaq üçün tənha məkanlara, dincəlmək və özümüzü rahat hiss etmək üçün başqalarının nəzərindən azad olduğumuz yerlərə ehtiyacımız var. Biz həmçinin məlumat sərhədləri təyin edirik və bizim müxtəlif münasibətlərimiz üçün bu cürə müxtəlif növ sərhədlərimiz var. Məxfilik insanlara bu sərhədləri idarə etməyə kömək edir. Bu sərhədlərin pozulması bizi cəmiyyətdə qəribə vəziyyətlərə sala və əlaqələrimizi zədələyə bilər. Məxfilik həyatda qarşılaşdığımız bəzi mübahisələri və ya kəsişmələri azaltmaq üçün də faydalıdır. Əksər insanlar hər kəsin onlar haqqında hər şeyi bilməsini istəmir - buna görə də "sənə aidiyyatı yoxdur" ifadəsi var.

5. Güvən

İstər şəxsi, istər peşəkar, istər dövlət, istərsə də kommersiya münasibətlərində biz qarşı tərəfə güvənməkdən asılıyıq. Məxfiliyin pozulması bu etibarın pozulmasıdır. Həkimlər və hüquqşünaslarla olan münasibətlərimiz kimi peşəkar münasibətlərdə bu cür güvən səmimiyyəti qorumaq üçün açardır. Eynilə, biz qarşılıqlı əlaqədə olduğumuz digər insanlara, eləcə də iş apardığımız şirkətlərə etibar edirik. Bir münasibətdə inam pozulduqda, bu, bizi digər münasibətlərə etibar etməkdən çəkindirə bilər.

6. Birinin Həyatına Nəzarət

Şəxsi məlumatlar kredit, lisenziya və ya iş almağımızdan tutmuş şəxsi və peşəkar nüfuzumuza qədər haqqımızda qəbul edilən bir çox qərarlar üçün vacibdir. Şəxsi məlumatlar bizim hökumət tərəfindən araşdırılıb, yoxsa hava limanında axtarış edilib-edilmədiyimizi və ya təyyarəyə buraxılıb-buraxılmayacağımızı müəyyən etmək üçün istifadə olunur. Həqiqətən də, şəxsi məlumatlar demək olar ki, hər şeyə, o cümlədən internetdə gördüyümüz mesajlara və məzmuna təsir edir. Hansı məlumatların istifadə edildiyini, necə istifadə edildiyini, onları düzəltmək və dəyişdirmək barədə bilgilərə sahib olmadan biz bugünkü dünyada praktik olaraq acizik. Üstəlik, məlumatlarımızın necə istifadə edildiyinə dair söz sahibi olmaq və ya məlumatların istifadəsi bizə zərər verə bildiyi zaman etiraz etmək və qanuni şikayətləri dinləmək imkanı olmadıqda da acizik. Azadlığın səciyyəvi xüsusiyyətlərindən biri müstəqil olmaq və həyatımıza nəzarət etməkdir və əgər bizim xəbərimiz və ya iştirakımız olmadan bizim haqqımızda bu qədər mühüm qərarlar gizli şəkildə qəbul edilirsə, burda azadlıqdan danışıla bilməz.

7. Fikir və Söz Azadlığı

Məxfilik fikir azadlığının əsasıdır. Oxuduğumuz və ya izlədiyimiz hər şeyə nəzarət edən gözün olması bizi alternativ ideyaları araşdırmaqdan çəkindirə bilər. Məxfilik həm də populyar olmayan mesajları qorumaq üçün açardır. Və məxfilik yalnız qıraqda qalan hərəkətləri qorumur. Biz tanıdığımız insanları başqalarının arasında tənqid etsək belə, bu tənqidi açıq şəkildə dünya ilə bölüşmək istəməyə bilərik. Bir şəxs ailəsinin, dostlarının və ya həmkarlarının bəyənmədiyi fikirləri araşdırmaq istəyə bilər.

8. İctimai və siyasi fəaliyyət azadlığı

Məxfilik bizim digər insanlarla birgə toplaşmaq və siyasi fəaliyyətlə məşğul olmaq qabiliyyətimizi qorumağa kömək edir. Birgə toplaşmaq azadlığının əsas komponenti əgər kimsə istəyirsə, onu məxfi şəkildə edə bilmək imkanıdır. Biz səsvermə zamanı məxfiliyi qoruyuruq, çünki bunu etməmək insanların verdiyi səslərə təsir edə bilər. Səsvermə kabinəsinə getməyə səbəb olan birliklərin və fəaliyyətlərin məxfiliyi də vacibdir, çünki biz siyasi inanclarımızı belə formalaşdırırıq və müzakirə edirik. Hər şeyə nəzarət edən göz bu fəaliyyətləri poza və lazımsız şəkildə təsir edə bilər.

9. Dəyişmək və ikinci şanslara sahib olmaq bacarığı

Bir çox insan sabit qalmır, həyatları boyu dəyişir və böyüyürlər. İkinci şansa sahib olmaq, səhvdən kənara çıxa bilmək, özünü yenidən kəşf etmək bacarığında böyük dəyər var. Məxfilik bu bacarığı inkişaf etdirir. Bu, insanlara keçmişdə etmiş olduqları bütün məsuliyyətsiz hərəkətlərə bağlanmadan, böyüməyə və yetkinləşməyə imkan verir. Şübhəsiz ki, bütün səhvlər qapalı qalmamalıdır, lakin bəziləri qalmalıdır, çünki biz şəxsi inkişaf və yetkinləşməyi təşviq etmək, asanlaşdırmaq istəyirik.

10. Özünü izah etməyə və ya haqq qazandırmağa məcbur olmamaq

Məxfiliyin əhəmiyyətli olmasının vacib səbəbi özünü izah etmək və ya əsaslandırmaq məcburiyyətinin olmamasıdır. Mövzudan tam biliyi və ya anlayışı olmayan digərləri tərəfindən uzaqdan mühakimə edildikdə, qəribə, utancverici, ya da daha pis iş görürmüş kimi görünə bilərik. Əgər biz davamlı olaraq etdiyimiz hər şeyin başqaları tərəfindən necə qəbul ediləcəyi ilə maraqlanmalı və izahatlar verməyə hazır olmalıyıqsa, bu, bizim üçün ağır bir yük ola bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun