Ermənistanın baş naziri bildirib ki, bu sənəd Azərbaycan üçün məqbul olmalıdır
“Dünən Ermənistan Azərbaycanla sülh və münasibətlərin qurulması haqqında sazişin növbəti mərhələsi üzrə işləri başa çatdırıb və Azərbaycan tərəfinə təkliflər göndərib”.
Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan 16 fevralda keçirilən iclasda deyib.
Paşinyan bildirib ki, sənəd ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də verilib:
“Aydındır ki, bu sənəd Azərbaycan üçün məqbul olmalıdır. Ümid edirik ki, üç görüşün nəticələrinə görə müşahidə olunan müəyyən irəliləyiş əldə olunacaq”.
Paşinyan deyib ki, sənəddə elə məntiqi razılaşmalar, effektiv nəzarət və balans sistemi olmalıdır ki, davamlı və sabit sülhün pozulmasının istənilən ssenarisini istisna etsin.
Baş nazir Ermənistan hökumətinin belə bir sazişi ən qısa zamanda imzalamağa hazır olduğunu vurğulayıb.
Bir neçə gün əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Berlində bəyan etmişdi ki, Azərbaycan Ermənistan tərəfinin sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə cavab verib və hazırda İrəvan bunun üzərində işləyir. “Ermənistan bu danışıqlarda fəal iştirak edir və biz regionumuzda sabit və davamlı sülhün bərqərar olması üçün səylərimizi davam etdirmək niyyətindəyik” - Mirzoyan bildirib.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat konfransında deyib ki, hər iki ölkə gərginliyi azaltmalı, hərtərəfli və davamlı sülhə doğru irəliləməlidir.
Bu barədə qurumun rəsmi saytında məlumat verilib.
“Bizim həm Ermənistana, həm Azərbaycana, həm də bütün regiona mesajımız ondan ibarətdir ki, gərginliyi azaltmaq üçün bir yol tapmaq, hərtərəfli və davamlı sülh yoluna yenidən daxil olmaq lazımdır. Biz bu səylərdə ikitərəfli şəkildə iştirak etmişik, həm də çoxtərəfli səviyyədə bu səylərdə iştirak etmişik və işi irəli aparmaq üçün tərəflərlə birbaşa, eləcə də çoxtərəfli strukturlar və qruplar vasitəsilə əlimizdən gələni etməyə davam edəcəyik. Ümid edirik ki, digər ölkələr də eyni siqnalı verəcək”- Prays bildirib.
Ermənistan hökumətinin sülh müqaviləsi ilə bağlı göndərdiyi təkliflərlə bağlı Azərbaycan tərəfi hələ ki, açıqlama verməyib.