"Mənə zərər verən şəxslər Bəylər Eyyubova yaxındırlar, o zəng edir, işi araşdırmırlar”

"Mənə zərər verən şəxslər Bəylər Eyyubova yaxındırlar, o zəng edir, işi araşdırmırlar” Foto: Facebook
14 Fevral 2023
Mətni dəyiş

Türkiyə vətəndaşı Azərbaycanda polislərin rüşvət aldığına görə işinə baxmadıqlarını iddia edir 

Türkiyə vətəndaşı Yunus Demirtaş Azərbaycanda dələduzluğa məruz qaldığını və polislərin işi araşdırmadığını iddia edir. O,  Abzas Media-ya bildirib ki, dövlət qurumlarına müraciət etsə də, bir nəticə yoxdur:

“2021-ci ildə Azərbaycana getmişdim. Orada Vahid Muradov və Ağanur Saatov adlı şəxslərlə tanış oldum. Onlarla razılaşdıq ki, mən Türkiyədən çoxlu geyim malları göndərim Bakıya, onlar da satıb pulumu versinlər. Beləliklə də mən Vahid Muradova, Ağanur Saatova, Əfqan Hüseynova, Rəşad Bayramova ümumilikdə 123 min dollarlıq mal göndərmişəm. Sonradan müxtəlif mübahisələr yarandı və pulumu vermədilər. Mən dəfələrlə pulumu geri istədim, vermədikəri üçün Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə zəng etdim. Onlar məni Qaradağ rayon 10-cu polis bölməsinə yönləndirdilər. Həmin şəxslər də bölməyə gətirildi və hamısı etiraf etdilər ki, malı mənimsəyib, pulumu verməyiblər. Ancaq polislər həmin şəxslərdən rüşvət alıb, işə baxmadılar” – deyə o bildirib. 

Yunus Demirtaş deyir ki, məsələ ilə bağlı Prezident Administrasiyasında, Daxili İşlər Nazirliyində və nazirliyin Baş Polis İdarəsində qəbulda olub, ancaq problemi həll olunmayıb. 

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyində olarkən işi araşdırmağa cəhd ediblər, ancaq sonradan kömək edə bilməyəcəklərini deyiblər: 
“Nazirlikdə bir qadın polis əməkdaşı dedi ki, ora zəng edirəm, rəis kömək etsin. Yanımda zəng etdi, telefonda nə dedilərsə, qızardı və donub qaldı. Telefonu söndürüb dedi ki, mənə kömək edə bilməyəcəklər. Sonradan öyrəndim ki, bu şəxslər Bəylər Eyyubova yaxındırlar, o zəng edir, işi araşdırmırlar” – deyə sahibkar bildirib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Abzas Media-ya bildirib ki, iddialar həqiqəti əks etdirmir:

“Həmin şəxsin iddiaları həqiqəti əks etdirmir. İş araşdırılıb, mülki xarakterli olduğundan, tövsiyyə olunub ki, məhkəməyə müraciət etsin” – deyə DİN rəsmisi bildirib. 

Elşad Hacıyev rüşvətlə və kənar müdaxilə ilə bağlı iddiaları da təkzib edib. O, polis əməkdaşlarının həmin şəxsin müraciətinə etinasız yanaşmadığını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun