İctimai fəal Bəxtiyar Hacıyev 14 kilo çəki itirib, məhkəmədən çıxanda halı pisləşib

İctimai fəal Bəxtiyar Hacıyev 14 kilo çəki itirib, məhkəmədən çıxanda halı pisləşib Foto: sosial media
2 Fevral 2023
Mətni dəyiş

Vəkillər Bəxtiyar Hacıyevin özəl xəstəxanaya yerləşdirilməsi üçün Ədliyyə Nazirliyinə müraciət ediblər

“Bəxtiyarda başgicəllənmələri var. Təzyiqi 90-65-ə, şəkəri 56-ya düşüb. 14 kiloya qədər çəki itirib"- bu sözləri B. Hacıyevlə fevralın 2-də görüşən vəkil Fəxrəddin Mehdiyev bildirib.

Vəkil AbzasMedia-ya məlumat verib ki,  ictimai fəal fevralın 1-də Xətai Rayon Məhkəməsindən təcridxanaya qaytarılarkən vəziyyəti pisləşib, ürəkbulanması olub, qusub.

"O vəziyyətdə də təcridxanaya qaytarıblar. Artıq vəkillər onun özəl tibb müəssisəsinə köçürülməsilə bağlı Ədliyyə Nazirliyinə müraciət ediblər. Hacıyev dedi ki, qanunsuz həbsi dayandırılmayana qədər aclığa davam edəcək” – deyə vəkil Fəxrəddin Mehdiyev bildirib.

Vəkil deyir ki, Hacıyevin Ombudsmanla görüşdə qaldırdığı əsas məsələ qanunsuz həbsinin dayandırılması olub ki, bu da öz həllini tapmayıb.

Fevralın 1-də İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva Bakı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevlə görüşüb.

Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Emil Şahzadə AbzasMedia-ya bildirib ki, Hacıyevlə bağlı müraciətlərdəki məsələlər həllini tapıb: 

“Atası İlyas Səfərov 6 dəfə Ombudsmana müraciət edib. Hacıyevin müvəkkilə görüşmək, yaxınları ilə əlaqə saxlamaq kimi istəkləri olub. Ailəsinin müraciəti əsasında icraata götürülən bu məsələlərin hamısı öz həllini tapıb. Hətta Milli Preventiv Qrup, həkim-psixoloqlar da onunla görüşüblər” – deyə Emil Şahzadə bildirib.

Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da saxlanılıb. Ona ilk olaraq Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələrilə ittiham irəli sürülüb. Yasamal Rayon Məhkəməsi B. Hacıyev barəsində 50 gün müddətinə həbs qətimkan tədbiri seçib. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb, 21-də isə məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb. O, bu qərara etiraz olaraq  25 gündür aclıq edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun