Hökumət “Nardaran İşi” üzrə işgəncə faktını düzgün araşdırmadığını etiraf edib

Hökumət “Nardaran İşi” üzrə işgəncə faktını düzgün araşdırmadığını  etiraf edib Abbas Hüseyn və Yalçın İmanov/google
13 Fevral 2023
Mətni dəyiş

“Azərbaycan hökuməti etiraf edir ki, Abbas Hüseynovun işgəncələrə məruz qalması ilə bağlı müraciətini düzgün araşdırmayıb”

Fevralın 9-da Avropa İnsan Haqları Məhkəməsi (AİHM) "Nardaran işi" üzrə həbs olunan 8 nəfərlə bağlı qərardad açıqlayıb.

Azərbaycan hökuməti məhkəməyə etiraf edib ki, işin araşdırılmasında pozuntulara yol verib.

Məhkəmə iş üzrə zərərçəkmiş şəxslərə müxtəlif məbləğlərdə kompensasiya təyin edib.

Hüquqlarının pozuntusu tanınan şəxslərdən biri hazırda həbsdə olan inanclı fəal Abbas Hüseynovdur. Hüseynovun keçmiş vəkillərindən biri Yalçın İmanov deyir ki, Abbasın 2017-ci ildə saxlanıldığı Qobustan qapalı həbsxanasında işgəncələrə məruz qalması ilə bağlı məhkəmələrə müraciət etsə də, bu iş araşdırılmayıb. Bundan sonra vəkil Avropa Məhkəməsinə müraciət edib:

“Azərbaycan hökuməti etiraf edir ki, Abbas Hüseynovun işgəncələrə məruz qalması ilə bağlı müraciətini düzgün araşdırmayıb. Bu birtərəfli bəyanata görə, Avropa Məhkəməsi işin baxılacaq işlər sırasından çıxarılması ilə bağlı qərardat qəbul edib. Baxmayaraq ki, mən və vəkillər işin davam etdirilməsinə, mahiyyəti üzrə baxılmasına israr edirdik. Nəticə etibarilə bu qərardat çıxarıldı” – deyə o, əlavə edib.

Abbas Hüseynovun bacısı Yasəmən Hüseynova məhkəmənin qərarını hələ ədalətin bərpası hesab eləmir. O tələb edir ki, qardaşına işgəncə verən şəxslər məsuliyyətə cəlb olunsunlar:

“Biz istəyirik ki, Abbasa bəraət verilsin. Bununla bağlı müsbət qərar da gözləyirik. İndiki halda isə işgəncə verən şəxslərin məsuliyyətə cəlb olunmasını istəyirik. Hüquq müdafiəçilərilə də danışdıq ki, onların məsuliyyətə cəlb olunması üçün hansı hüquqi addımlar atılmalıdırsa, atılsın” – deyə Yasəmən Hüseynova bildirib.

Vəkil Yalçın İmanov Abbas Hüseynin işgəncəyə məruz qalması ilə bağlı yerli mediaya müsahibə verdiyi üçün Vəkillər Kollegiyasından çıxarılıb. İmanov deyir ki, hökumətin bu etirafı yeni vəziyyət yaradıb. Onun sözlərinə görə, kollegiyaya yenidən bərpa olunması üçün müraciət etməsə də, məhkəməyə müraciət edəcək.

“Kollegiyaya müraciət etmək fikrim heç vaxt olmayıb, bundan sonra da olmayacaq. Ancaq Ali Məhkəməyə müraciət etmək olar. Məhkəmə hökumətin etirafı əsasında Avropa Məhkəməsinin bu qərardatını əsas götürüb, mənim kollegiyadan uzaqlaşdırlmağımla bağlı yerli məhkəmələrin qərarını ləğv edib, yenidən baxışa götürə bilər. Ancaq mən müraciət etsəm belə, bunun reallaşacağına inanmıram. Özümün də şikayətim əsasında artıq Avropa Məhkəməsində işlə bağlı kommunikasiya başlayıb. Ona görə düşünürəm ki, ən yaxşısı bu qərarı gözləməkdir. Ondan sonra ölkədaxili məsələlərlə bağlı da hansısa addım atmaq olar” – deyə Yalçın İmanov bildirib.

İmanov 2007-ci ildən Vəkillər Kollegiyasının üzvü olub.  Kollegiyanın Rəyasət Heyəti 2017-ci il noyabrın 20-də Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət qərarı qəbul edib. 2019-cu il fevralın 22-də Gəncə İnzibati-İqtisadi Məhkəməsi onun vəkillik fəaliyyətinə xitam verib.

Vəkillər Kollegiyasının mətbuat xidmətindən AbzasMedia-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı var:

“Bu məsələ ilə bağlı indiyədək kifayət qədər şərh verilib. Hazırda Yalçın İmanovun barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı var. Ona görə də biz bu məsələyə hər hansı şərh verə bilmərik".

Abbas Hüseynov 2015-ci ildə polisin Nardaranda keçirdiyi əməliyyat zamanı həbs olunub. Həmin əməliyyat nəticəsində onunla yanaşı, 16 nəfər də saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abbas Hüseynov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun