“Bəxtiyar Hacıyev 15 kilo arıqlayıb, onu tanımaq olmur”

“Bəxtiyar Hacıyev 15 kilo arıqlayıb, onu tanımaq olmur”
10 Fevral 2023
Mətni dəyiş

Vəkili deyir ki, Bəxtiyar Hacıyevin vəziyyəti ağırlaşıb, quru aclığa keçmək niyyətindədir

İctimai fəal Bəxtiyar Hacıyev 33-cü gündür ki, saxlanıldığı Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirir.

Hacıyevin vəkili Zibeydə Sadıqova Abzas Mediaya deyir ki, həkimlər ilkin müayindən sonra belə qənatə gəliblər ki, aclıq onun səhhətində geridönülməz iz buraxmağa başlayır.

Vəkilin sözlərinə görə, artıq Bəxtiyar Hacıyevi “tanımaq olmur”.

“Çəkisi 84 kilodan 69-a düşüb. Kim görür, deyir, Bəxtiyarı tanımaq olmur. Rəngi ağarıb, gərgindir, təzyiqi 90/60 olur, bu, həddən artıq aşağıdır. Mədəsində və böyrəklərində ağrılar var. Mədə qanaxmasından sonra həkim demişdi ki, bu, mədə xorasının başlanğıcıdır. O məsələnin üzərindən xeyli müddət keçib artıq və biz bilmirik ki, mədə xorası yaranıb ya yox” – deyə vəkil bildirir.

Zibeydə Sadıqova deyir ki, gecələr otaq temperaturu normal olsa da, Bəxtiyarın ard-arda titrəmələri olur:

“O qədər acdır ki, qanı düşür və belə hallar olur. Dəfələrlə həkim çağırıb, amma həkim ona heç bir dərman verə bilmir, deyir ki, sən aclıq edirsən və dərman mədənə ziyandır. Həkim gəlmişdi yanına, dedi ki, sənə dəstəkləyici sistem vurulmalıdır, ancaq Bəxtiyar qəti şəkildə imtina elədi. Bəxtiyar dedi ki, bazar günündən etibarən müəssisə həkimləri hər gün gəlib sistem köçürülməli olduğunu deyirlər, o, bundan yazılı şəkildə imtina edib. Deyir buradan ya ölü çıxacam, ya da diri. Mən onun səhətini nəzərə alıb məhkəməyə müraciət etmişdim ki, özəl tibb müəssisəsinə köçürülsün. Onunla da bağlı dedi ki, “xeyr, mən buradan ya ölü çıxacam, ya da diri”. Bəxtiyar Hacıyev sudan da az istifadə edir. Quru aclığa keçmək niyyətindədir”.

Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da saxlanılıb. Ona ilk olaraq Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələrilə ittiham irəli sürülüb. Yasamal Rayon Məhkəməsi B. Hacıyev barəsində 50 gün müddətinə həbs qətimkan tədbiri seçib. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb, yanvarın 21-də isə məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb. O, bu qərara etiraz olaraq  33 gündür aclıq edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun